Portuqaliyalı yarımmüdafiəçi Bernardu Silvanın karyerasını “Barselona”da davam etdirməyə yaxın olduğu iddia olunur.
İtaliyalı jurnalist Nikolo Skiranın məlumatına görə, 31 yaşlı futbolçu Kataloniya klubu ilə razılaşmaya yaxındır. İddialara əsasən, Silva “Barselona” ilə 2028-ci ilə qədər müqavilə imzalaya bilər. Müqavilədə daha bir il uzatma bəndinin də nəzərdə tutulduğu bildirilir.
“Gazeta Express” yazır ki, Bernardu Silva “Mançester Siti”dən azad agent kimi ayrıldıqdan sonra “Barselona”ya keçidə bir addım yaxınlaşıb. Futbolçunun uzun müddətdir Kataloniya klubunun radarında olduğu qeyd edilir.
“beIN SPORTS” isə daha əvvəl Silvanın əsas prioritetinin məhz “Barselona” olduğunu yazmışdı. Mənbənin məlumatına görə, portuqaliyalı yarımmüdafiəçi Avropada yüksək səviyyədə oynamağa davam etmək istəyir və Kataloniya klubundan rəsmi addım gözləyirdi.
Futbolçunun adı “Real Madrid”lə də hallanırdı. Eyni mənbələrdə bildirilirdi ki, oyunçu Madrid klubuna da təklif olunub. Lakin “Barselona” variantı hazırda daha real görünür. Bu proses Joze Mourinyonun “Real Madrid”ə mümkün qayıdışı ilə bağlı xəbərlərin fonunda diqqət çəkib. “Sky Sports” yazır ki, portuqaliyalı mütəxəssis Madrid klubuna qayıtmaq üçün ikiillik razılaşma əldə edib.
Bernardu Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. “Sky Sports”un məlumatına görə, klub kapitanı mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacaq.
Hazırda “Barselona” və Bernardu Silva arasında yekun müqavilənin rəsmi şəkildə imzalanması barədə klub açıqlaması yoxdur. Buna görə də keçid hələlik transfer iddiası kimi qiymətləndirilir.