İngiltərənin “Kristal Pelas” klubu son bir ildə tarixi yüksəlişə imza atıb. Oliver Qlasnerin komandası əvvəlcə 2025-ci ilin mayında İngiltərə Kubokunu, daha sonra “FA Community Shield”-i qazanıb, mayın 27-də isə UEFA Konfrans Liqasının finalında “Rayo Valyekano”nu 1:0 hesabı ilə məğlub edərək klub tarixində ilk Avropa tituluna sahib çıxıb.
Leyptsiqdə keçirilən finalda London klubuna qələbəni 51-ci dəqiqədə Jan-Filipp Matetanın qolu qazandırıb.
Bu zəfər “Kristal Pelas” üçün xüsusi tarixi məna daşıyır. Cəmi 12 ay əvvəl klubun 119 illik tarixində böyük titul yox idi. 2025-ci il mayın 17-də “Pelas” FA Cup finalında “Mançester Siti”ni 1:0 hesabı ilə məğlub edərək ilk böyük kubokunu qazanmışdı. Həmin görüşdə yeganə qolu Ebereçi Eze vurmuş, qapıçı Din Henderson isə penalti zərbəsini dəf edərək London klubunun tarix yazmasında əsas rol oynamışdı.
Avqustda “Kristal Pelas” bu uğurun davamını gətirdi. Komanda “Uembli”də keçirilən “FA Community Shield” matçında “Liverpul”la 2:2 hesablı heç-heçədən sonra penaltilər seriyasında 3:2 qalib gələrək ardıcıl ikinci kubokunu qazandı. Klubun rəsmi saytında bu nəticə “Uembli səfərlərində ardıcıl ikinci titul” kimi təqdim olunmuşdu.
Konfrans Liqası finalındakı qələbə isə “Kristal Pelas”ın son 12 ayda qazandığı üçüncü titul oldu. Bu nəticə Qlasnerin klubdakı dövrünü tarixi şəkildə tamamladı və avstriyalı mütəxəssis 12 ay ərzində “Pelas”a üç kubok qazandırdı.
Konfrans Liqasındakı zəfər London klubuna növbəti mövsüm UEFA Avropa Liqasında iştirak hüququ da qazandırıb. “Kristal Pelas” İngiltərə Premyer Liqasında yalnız 15-ci yeri tutmasına baxmayaraq, Avropa kuboku sayəsində növbəti mövsüm qitə turnirində çıxış edəcək.