“Barselona” Qordon transferi üçün “Nyukasl”la danışıqlara başladı

“Barselona” Entoni Qordonun transferi üçün “Nyukasl”la danışıqlar aparır. Dekonun İngiltərəyə səfərinin əsas səbəblərindən birinin bu keçid olduğu bildirilir.

“Barselona” “Nyukasl”ın ingiltərəli vingeri Entoni Qordonun transferi üzrə danışıqlar aparır. Transfer insayderi Fabrizio Romanonun məlumatına görə, Kataloniya klubu “Nyukasl”la birbaşa klub səviyyəsində təmasa keçib. Romanonun bildirdiyinə görə, “Barselona”nın idman direktoru Dekonun İngiltərəyə səfərinin əsas səbəblərindən biri də məhz, Qordonun mümkün keçidini müzakirə etmək olub. 

İspaniya və İngiltərə mediası yazır ki, Qordon “Barselona”ya keçidə müsbət yanaşır. “Barca Blaugranes”in “Mundo Deportivo”ya istinadən yaydığı məlumata görə, 25 yaşlı futbolçu üçün Kataloniya klubuna keçmək əsas prioritetlərdən biri hesab olunur. Buna baxmayaraq, transferin maliyyə tərəfi çətin görünür: “Nyukasl”ın oyunçu üçün təxminən 85–90 milyon avro tələb etdiyi bildirilir.

“The Times” isə yazır ki, “Barselona” Qordon uğrunda mübarizədə “Bavariya”nı qabaqlamağa çalışır. Nəşrin məlumatına görə, “Nyukasl” futbolçu üçün 75 milyon funt sterlinq tələb edir, lakin mümkün razılaşma 65 milyon funt və 10 milyon funt bonuslar formasında strukturlaşdırıla bilər.

Qordona maraq yalnız “Barselona” ilə məhdudlaşmır. İngiltərə mediasına görə, “Bavariya”, “Liverpul”, “Arsenal” və digər Premyer Liqa klubları da futbolçunun vəziyyətini izləyir. “Barselona” və “Bavariya” “Nyukasl”ın yüksək qiymətini aşağı salmağa çalışır, lakin katalonların maliyyə imkanları transferin reallaşmasını çətinləşdirə bilər.

Qordon “Nyukasl”da son mövsümün əsas hücum fiqurlarından biri olub. O, mövsümü klubun ən məhsuldar futbolçusu kimi 17 qolla tamamlayıb, Çempionlar Liqasında isə 10 qolla turnirin ən yaxşı bombardirləri sırasında yer alıb. Onun sol cinahda və hücumun mərkəzində oynaya bilməsi “Barselona” üçün əlavə üstünlük kimi qiymətləndirilir.

Hələlik tərəflər arasında yekun razılaşma yoxdur. Transferin taleyi “Nyukasl”ın qiyməti, “Barselona”nın maliyyə imkanları və digər klubların rəqabətindən asılı olacaq.