Suriyanın keçid hakimiyyəti keçmiş prezident Bəşər Əsəd dövrünə aid gizli kimyəvi silah proqramının qalıqlarını aşkar etdiyini bildirib.
“Reuters” xəbər verir ki, tapılan materiallar arasında Suriyada vətəndaş müharibəsi illərində ölümcül qaz hücumlarında istifadə edilən silahlara bənzər raketlər, aviasiya bombaları, kimyəvi xammal və saxlama avadanlıqları var.
Suriyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı (OPCW) daimi nümayəndəsi Məhəmməd Katub bildirib ki, Əsədin kimyəvi silah proqramında iştirakı iddia olunan 18 nəfər saxlanılıb.
Onların arasında keçmiş yüksək rütbəli hərbi, siyasi və texniki vəzifəlilərin olduğu bildirilir. Katubun sözlərinə görə, saxlanılanlardan bir neçəsi Əsəd rejimi dövründə general-mayor rütbəsində xidmət edib, ən azı dörd nəfər isə Avropa İttifaqı, Böyük Britaniya və ya ABŞ-ın sanksiya siyahılarında yer alıb. Araşdırma davam etdiyi üçün şübhəlilərin adları açıqlanmayıb.
OPCW çərşənbə axşamı yayılan hesabatında Suriyada bir neçə yüksək prioritetli, əvvəl bəyan edilməmiş obyektə baxış keçirildiyini təsdiqləyib. Təşkilatın məlumatına görə, yoxlamalar zamanı onlarla bəyan edilməmiş kimyəvi sursat, o cümlədən aviasiya bombaları, raketlər, ayrıca saxlanılan kimyəvi maddələr və əlaqəli avadanlıqlar aşkarlanıb.
Suriya rəsmisinin sözlərinə görə, yerli qruplar OPCW müfəttişləri ilə aylarla davam edən əməkdaşlıq nəticəsində 70-dən çox raket və aviasiya bombası, həmçinin sinir-iflicedici zəhərli maddə olan sarinin istehsalında istifadə edilə bilən xammal tapıblar. Bundan başqa, kimyəvi silahların qarışdırılması və saxlanılması üçün avadanlıqlar, eləcə də sarin istehsalında stabilizator kimi istifadə edildiyi bildirilən heksamindən də nümunələr aşkarlanıb.
Katub bildirib ki, tapılan materialların təhlükəsiz şəkildə saxlanılması həm Suriya, həm də beynəlxalq təhlükəsizlik baxımından mühüm addımdır. Onun sözlərinə görə, bu, belə sursatların Suriya xalqına qarşı yeni cinayətlərdə istifadə olunmadan əvvəl ələ keçirildiyi ilk hallardan biridir.
Əsəd rejimi dövründə sarin, xlor və kükürdlü iprit qazından istifadə edildiyi daha əvvəl BMT və OPCW-nin birgə araşdırmalarında qeyd olunmuşdu. Reuters xatırladır ki, 2013-cü ilin avqustunda Dəməşqin Quta ətrafında sarin hücumu nəticəsində 1300-dən çox insan həlak olmuşdu. 2017-ci ilin martında Əl-Lataminada da kimyəvi hücum qeydə alınmışdı.
Suriya 2013-cü ildə Kimyəvi Silahlar Konvensiyasına qoşulmuş və 1300 tonluq kimyəvi silah ehtiyatı bəyan etmişdi. Buna baxmayaraq, sonrakı illərdə qadağan olunmuş kimyəvi maddələrdən istifadə halları davam etmişdi. OPCW daha əvvəl Suriyada təxminən 100 obyektin yoxlanılmalı olduğunu bildirib.
Mart ayında Suriya keçid hakimiyyəti ABŞ-ın dəstəklədiyi plan çərçivəsində Əsəd dövründən qalan kimyəvi silahların tam aradan qaldırılması üçün yeni proqram elan etmişdi. Reuters-in məlumatına görə, plan ABŞ, Almaniya, Böyük Britaniya, Kanada və Fransa daxil olmaqla beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənir və OPCW-nin nəzarəti ilə həyata keçirilməlidir.