Suriya yenidən qarışdı: PKK/YPG dinc sakinləri atəşə tutur

Hələbdə Suriya Demokratik Qüvvələri (SDQ) dinc sakinləri atəşə tutdu: 2 mülki şəxs öldü, 13 yaralı var. Suriya ordusu mövqelərini gücləndirib və sakinlər təhlükəsizlik üçün köçür.

109

Suriya münaqişəsinin davam etdiyi Hələb şəhərində gərginlik yenidən artır. Yerli mənbələrin məlumatına görə, PKK/YPG-nin silahlı qanadı sayılan Suriya Demokratik Qüvvələri (SDQ) Hələb şəhər mərkəzi və ətrafındakı yaşayış məntəqələrini top və qumbaraatanlardan atəşə tutub.

Rəsmi məlumatlara görə, SDQ qüvvələri prioritet olaraq Cəmiliyyə, Suryan və Cisr Razı kimi əraziləri, həmçinin Hələb vilayətinin Sabğa kəndini hədəf alaraq atəş açıb. Saldırıların təsiri ilə bir sıra evlərdə yanğınlar baş verib.

Hələb valiliyindən verilən açıqlamada atəş nəticəsində 2 mülki şəxsin həyatını itirdiyi, 13 nəfərin isə yaralandığı bildirilib. Yaranmış təhlükə səbəbilə bölgə sakinləri daha təhlükəsiz hesab etdikləri ərazilərə doğru köç etməyə başlayıblar.

Gərginliyin artması ilə Suriya ordusunun Hələbə ağır texnika və tanklar göndərdiyi, SDQ ilə sərhəd xəttinə yaxın ərazilərdə mövqelərini gücləndirdiyi xəbər verilir.

Hələb sakinləri toplaşaraq Suriya hökumətindən PKK/YPG-nin şəhərdən çıxarılmasını tələb edən etirazlar keçiriblər. Eyni zamanda, PKK/YPG qüvvələrinin axşam saatlarında Şeyhan və Leramon bölgələrində də Suriya ordusuna hücumlara keçdiyi bildirilir. Bu hücumlar zamanı Suriya ordusundan bir əsgər və iki mülki müdafiə əməkdaşı yaralanıb.

Hələbin şimalında yerləşən Tel-Rıfat şəhərinin sakinləri PKK/YPG terror qruplaşmasına qarşı səfərbərlik elan ediblər.

Bir sıra “Teleqram” kanallarında Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnikaların Hələbə doğru irəlilədiyi görüntüləri yayılıb.

Digər yandan, İsrail dəstəkli druz qüvvələrinin Süveyda əyalətini atəşə tutması barədə xəbərlər yayılıb. Hal-hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və sülh istiqamətində hər-hansı addımların atılıb-atılmayacağı hələlik bəlli deyil.