İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Baş nazir Benyamin Netanyahunu Böyük Britaniyanın idarə etdiyi Malvin (Folklend) adaları üzərində Argentinanın suverenliyini rəsmən tanımağa və Londona qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
MSNews.az xəbər verir ki, Ben-Qvir bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, adaları “Britaniyanın işğalı altında olan Argentina ərazisi” kimi xarakterizə edib.
Açıqlamanı “EFE” və “Europa Press” də yayıb.
“İsrail dövlətinin Malvin adalarının Argentina ərazisi olduğunu açıq şəkildə tanımasının vaxtı çatıb”, – Ben-Qvir bildirib. Nazir Britaniyanı adalarda neft hasilatı aparmaqla və Argentinaya məxsus olduğunu iddia etdiyi təbii sərvətlərdən gəlir əldə etməklə də ittiham edib.
Ben-Qvir Netanyahunu Argentinanın adalar üzərində suverenliyini tanımağa və Britaniya nəzarəti davam etdiyi müddətdə Böyük Britaniyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Onun bəyanatı Londonun İsrailin işğal olunmuş İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinə qarşı yeni tədbirlər hazırladığı və daha sonra sanksiyalar elan etdiyi dövrə təsadüf edib.
Mövzu eyni zamanda Argentina ilə adalarda fəaliyyət göstərən neft şirkətləri arasında gərginliyin artdığı vaxta düşür. Argentina Prezidenti Xavyer Mileyin administrasiyası sentyabrın 7-də İsrailin “Navitas Petroleum” şirkəti və bir sıra əlaqəli şirkətlərə qarşı cinayət işi başladılacağını açıqlayıb. Buenos-Ayres onların Britaniya hakimiyyətinin verdiyi lisenziyalar əsasında Şimali Malvin hövzəsində Argentina icazəsi olmadan karbohidrogen kəşfiyyatı və hasilatı apardığını iddia edir.
Malvin/Folklend adalarının hüquqi-siyasi statusu onilliklərdir Argentina ilə Böyük Britaniya arasında mübahisə predmetidir. Adalar 1833-cü ildən Britaniya tərəfindən idarə olunur və hazırda Britaniyanın dənizaşırı ərazisidir. Argentina isə onların öz ərazisinin ayrılmaz hissəsi olduğunu bildirir.
Böyük Britaniya öz növbəsində adalar üzərində suverenliyinə şübhə etmədiyini və sakinlərin öz müqəddəratını təyinetmə hüququnu əsas götürdüyünü bildirir.