ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Böyük Britaniya Kralı III Çarlzı və Kraliça Kamillanı Ağ Evdə qəbul ediblər. Kral cütlüyünün ABŞ-a dördgünlük dövlət səfəri aprelin 27-də başlayıb və aprelin 30-dək davam edəcək. Ağ Evin məlumatına görə, bu səfər Tramp administrasiyasının ikinci dövründə keçirilən ilk rəsmi dövlət səfəridir.
Qarşılanma mərasimi Ağ Evin Cənub Portikosunda baş tutub. Tramp və Melaniya Tramp qonaqları əl sıxaraq salamlayıb, tərəflər mətbuat üçün foto çəkdiriblər. Daha sonra prezident və birinci xanım kral cütlüyünü Ağ Evin Yaşıl otağında çay süfrəsinə dəvət ediblər. Görüşdən sonra qonaqlara Ağ Evin Cənub qazonunda, mətbəx bağı yaxınlığında yerləşən yeni genişləndirilmiş arı pətəyi də göstərilib.
Səfər ABŞ-ın müstəqilliyinin 250 illiyi ərəfəsində keçirilir və Vaşinqton-London münasibətlərində simvolik əhəmiyyət daşıyır. Bukingem sarayı səfərin iki ölkənin ortaq tarixini, iqtisadi, təhlükəsizlik və mədəni əlaqələrini, eləcə də xalqlar arasında bağları vurğulamaq məqsədi daşıdığını bildirib.
Aprelin 28-də Ağ Evin Cənub qazonunda hərbi rituallarla müşayiət olunan rəsmi qarşılanma mərasimi keçiriləcək. Proqrama iki ölkənin himnlərinin səsləndirilməsi, 21 yaylım atəşi, qoşunların yoxlanılması və 300 ABŞ hərbçisinin iştirakı ilə xüsusi keçid daxildir. Təxminən 500 hərbçi ABŞ Silahlı Qüvvələrinin bütün altı qolunu təmsil edəcək.
Günün davamında Prezident Tramp və Kral III Çarlz Oval ofisdə ikitərəfli görüş keçirəcəklər. Melaniya Tramp və Kraliça Kamilla isə Ağ Evdə tələbələrlə mədəniyyətlərarası tədbirdə iştirak edəcəklər. Axşam saatlarında Ağ Evin Şərq zalında dövlət ziyafəti veriləcək. Kral III Çarlzın ABŞ Konqresinin birgə iclasında çıxış etməsi də gözlənilir; bu, 1991-ci ildə Kraliça II Elizabetdən sonra Britaniya monarxının Konqresdə ilk belə çıxışı olacaq.
Səfər Vaşinqton və London arasında İran, NATO, ticarət və rəqəmsal xidmət vergisi kimi məsələlər üzrə gərginliyin müzakirə olunduğu bir dövrə təsadüf edir. “Al Jazeera”-nın təhlilinə görə, Kral III Çarlzın səfəri “mərasim diplomatiyası” vasitəsilə tərəflər arasında münasibətləri yumşaltmaq baxımından əlavə siyasi çəki daşıyır.