Böyrək daşını “əridən” reseptlər təhlükəlidirmi?

 Limon suyu, alma sirkəsi, cəfəri və gicitkən çayı kimi reseptlərin böyrək daşlarını əridib-əridə bilməsi tibbi mənbələr əsasında yoxlanılıb.

19

Böyrəkləri “təmizlədiyi” və daşları “əridiyi” iddia olunan limon suyu, alma sirkəsi, cəfəri, gicitkən, gülxətmi və kərəviz suyu kimi reseptlər sosial şəbəkələrdə və sağlamlıq saytlarında tez-tez paylaşılır.

MSNews.az-ın təqdim etdiyi materialda da bu qarışıqlar böyrək daşları və iltihabı üçün təbii vasitə kimi göstərilir. Lakin tibbi mənbələr bu cür reseptlərin böyrək daşlarını müalicə etdiyini təsdiqləmir və xüsusilə böyrək xəstəliyi olan şəxslərə bitki mənşəli vasitələrdən həkimlə məsləhətləşmədən istifadə etməməyi tövsiyə edir.

“Mayo Clinic”-in məlumatına görə, böyrək daşları sidik yollarında hərəkət etməyə başladıqda güclü bel, qarın və yan ağrısı, ürəkbulanma, qusma, qızdırma, titrətmə və sidikdə qan kimi əlamətlər yarada bilər. Bu simptomlar olduqda, xüsusilə ağrı çox güclüdürsə, qızdırma və ya qusma varsa, ev reseptləri ilə vaxt itirmək təhlükəli ola bilər.

Limon suyu ilə bağlı iddialarda müəyyən elmi əsas var, amma bu, “daşları əridir” demək deyil. “National Kidney Foundation” bildirir ki, limon suyu sidikdə sitrat səviyyəsini və pH göstəricisini artırmağa kömək edə bilər; bu isə bəzi kalsium daşlarının yaranma riskini azaltmağa yardımçı ola bilər. Bununla belə, alma sirkəsi ilə bağlı sübutlar daha zəifdir: 2025-ci ildə dərc olunan tədqiqatda alma sirkəsinin 24 saatlıq sidik göstəricilərini əhəmiyyətli dəyişmədiyi, limonlu suyun isə sitratı artırdığı qeyd edilib.

Cəfəri, gicitkən, gülxətmi və kərəviz kimi bitkilər xalq təbabətində sidikqovucu və “təmizləyici” vasitə kimi təqdim edilsə də, onların böyrək daşı və ya böyrək iltihabını müalicə etdiyini göstərən kifayət qədər güclü klinik sübut yoxdur. “National Kidney Foundation” xəbərdarlıq edir ki, böyrək xəstəliyi, dializ, transplantasiya, təzyiq və ya şəkərli diabet kimi problemləri olan insanlarda bitki mənşəli əlavələr riskli ola bilər; hətta cəfəri kökü kimi bəzi bitkilər böyrək xəstələri üçün yüksək riskli qrupda göstərilir.

Mütəxəssislər böyrək daşlarının profilaktikasında ən etibarlı yanaşmanın maye qəbulunu artırmaq, duz və şəkərli içkiləri azaltmaq, daşın növünə uyğun qidalanma planı qurmaq və həkim nəzarətində müalicə almaq olduğunu bildirirlər. “Mayo Clinic”-ə görə, kiçik daşlar bəzən bol maye və ağrıkəsicilərlə keçə bilər, lakin böyük və ya ağır simptom verən daşlar üçün tibbi müdaxilə tələb oluna bilər.

Nəticə olaraq, limonlu su bəzi insanlarda böyrək daşı riskini azaltmağa kömək edən əlavə vasitə ola bilər, amma zeytun yağı, alma sirkəsi və bitki çaylarını “daş əridən müalicə” kimi təqdim etmək doğru deyil. Böyrək ağrısı, sidikdə qan, qızdırma, titrətmə, qusma və sidiyə çıxa bilməmə kimi əlamətlər varsa, həkimə müraciət etmək vacibdir.