İranda ABŞ-la razılaşmaya qarşı etirazlar başlayıb

İranda ABŞ-la mümkün razılaşmanın əleyhdarları etiraz aksiyasına çıxıblar. Nümayişçilər xarici işlər naziri Abbas Araqçini və parlament sədri Məhəmməd Baqer Qalibafı güzəştlərə getməkdə ittiham edirlər.

9

İranda ABŞ-la mümkün razılaşmaya qarşı sərt xətt tərəfdarlarının etiraz aksiyaları keçirilib.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, ABŞ və İran arasında çərçivə razılaşmasının imzalanması müzakirə olunduğu bir vaxtda İran daxilində sərt xətt tərəfdarları sənədin şərtlərinə etiraz ediblər.

Agentlik yazır ki, şənbə axşamı ölkə daxilində hökumətyönlü toplantılarda razılaşmaya qarşı narazılıq səslənib. Məşhəd sakini “Reuters”ə bildirib ki, bəzi etirazçılar xarici işlər naziri Abbas Araqçini nəzərdə tutaraq “güzəştçiyə ölüm” və “güzəştçi, istefa ver” şüarları səsləndiriblər.

Arab News” AFP-yə istinadən yazır ki, Məşhəddə İran Xarici İşlər Nazirliyinin nümayəndəliyi qarşısında onlarla insan aksiya keçirib. Fars agentliyinin paylaşdığı videoda qara çadralı qadınların Əraqçiyə qarşı sərt şüarlar səsləndirdiyi və qara-qırmızı bayraqlar dalğalandırdığı görünür.

Etirazçılar İran nümayəndə heyətini ABŞ-la danışıqlarda həddindən artıq güzəştə getməkdə ittiham edirlər. Onların fikrincə, mümkün razılaşma Tehranın Hörmüz boğazı üzərindəki təzyiq imkanlarını zəiflədə və İranın maraqlarına zidd nəticələr doğura bilər.

The Times of Israel” yazır ki, sosial şəbəkələrdə yayılan, lakin AFP tərəfindən müstəqil təsdiqlənməyən digər videolarda Tehranda etirazçıların “Araqçi istefa”, “Qalibaf istefa” şüarları səsləndirdiyi görünür. Şüarlar İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafa da yönəlib.

Ynet”in məlumatına görə, bəzi İran kanalları etirazçıların “Araqçiyə ayıb olsun” və “Qalibaf, Araqçi, liderimin qanı nə olacaq?” kimi şüarlar səsləndirdiyini bildirib. Bu, ABŞ-la danışıqlara qarşı çıxan dairələrin razılaşmanı siyasi və ideoloji geri çəkilmə kimi təqdim etdiyini göstərir.

Etirazlar Abbas Araqçinin dövlət televiziyasına müsahibəsindən sonra baş verib. O, mümkün razılaşmanın ABŞ dəniz blokadasının aradan qaldırılmasını, Hörmüz boğazı ilə bağlı yeni mexanizmi və nüvə məsələlərinin sonrakı mərhələdə müzakirəsini nəzərdə tutduğunu bildirmişdi.

Donald Tramp və Pakistan tərəfi sazişin yaxın zamanda imzalana biləcəyini açıqlasa da, Tehran daha ehtiyatlı mövqe saxlayır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi sənədin “sabah yox, yaxın günlərdə” imzalana biləcəyini deyib, Fars agentliyi isə yekun qərarın hələ verilmədiyini yazıb.