ABŞ Prezidenti Donald Trampın keçmiş Ağ Ev mətbuat katibi Kerolayn Livitt noyabrın 1-dən “Fox News”da efir şərhçisi kimi fəaliyyətə başlayacaq.
MSNews.az xəbər verir ki, “Fox News” Livittin telekanalın müxtəlif proqramlarında ABŞ siyasəti ilə bağlı şərh və təhlillər təqdim edəcəyini açıqlayıb.
“Fox News Media”nın baş direktoru Syuzan Skott bildirib ki, Livittin həm Ağ Evdə, həm də prezident seçki kampaniyasında qazandığı təcrübə ona ABŞ-ın siyasi gündəmini fərqli perspektivdən şərh etməyə imkan verir.
Livitt özü də yeni vəzifəsi ilə bağlı bildirib ki, Ağ Evdə qazandığı təcrübə və əvvəlki fəaliyyətindəki üslubunu “Fox News” auditoriyası ilə bölüşməyi planlaşdırır.
29 yaşlı Livitt 2025-ci ilin yanvarından 2026-cı ilin avqustuna qədər Tramp administrasiyasında Ağ Evin mətbuat katibi vəzifəsini icra edib. O, bu vəzifəni tutan ən gənc şəxs olub.
Livitt avqust ayında ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək vəzifəsindən ayrılıb. Bundan sonra onun Trampı dəstəkləyən “MAGA Inc.” siyasi fəaliyyət komitəsində də çalışacağı açıqlanmışdı.
Qeyd edək ki, Livittin “Fox News”dakı rolu aparıcılıq deyil, telekanalın müxtəlif efirlərində siyasi mövzularda şərhçi kimi iştirak etməkdir.