Neymarın oxşarı kimi tanınan braziliyalı influenser Eiqon Oliveyra ABŞ-da ticarət mərkəzində izdihama səbəb olub.
MSNews.az xəbər verir ki, hadisə Nyu-Cersidə yerləşən ticarət mərkəzlərindən birində baş verib. Ziyarətçilər Braziliya millisinin formasında olan Oliveiranı Neymarla səhv salaraq onun ətrafına toplaşıblar.
“CNN Brasil”in məlumatına görə, 29 yaşlı Eiqon Oliveyra sosial şəbəkələrdə “Sósia do Ney” adı ilə tanınır. O, Neymarla bənzər görünüşü və Braziliya millisinin geyimi ilə insanların diqqətini çəkib.
Hadisənin videosu sosial şəbəkələrdə qısa müddətdə yayılıb. Görüntülərdə ziyarətçilərin onunla şəkil çəkdirmək və avtoqraf almaq üçün yaxınlaşdığı, ticarət mərkəzində sıxlıq yarandığı görünür.
“Terra” yazır ki, Oliveyra daha əvvəl də müxtəlif yerlərdə Neymarla səhv salınaraq oxşar hallara səbəb olub. 2022-ci il Dünya Kuboku zamanı onun Qətərdəki çıxışları da azarkeşlər arasında böyük maraq doğurmuşdu.
Sosial şəbəkələrdə hadisə zamanı bəzi şəxslərin saxlanıldığı iddia edilsə də, bu məlumat hələlik etibarlı mənbələr və rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.