Pentaqon UFO arxivlərinin yeni hissəsini yayımladı

Pentaqon UAP-larla bağlı arxiv materiallarının üçüncü paketini ictimaiyyətə açıqlayıb. Yeni sənədlərdə müşahidə ifadələri, videolar, təsvirlər və audioyazılar yer alıb.

13

Pentaqon UFO kimi tanınan naməlum anomal hadisələrlə bağlı arxiv materiallarının üçüncü paketini ictimaiyyətə açıqlayıb.

MSNews.az xəbər verir ki, Pentaqonun rəsmi “PURSUE” portalında yayımlanan üçüncü paket iyunun 12-də dərc edilib. Birinci sənədlər paketi mayın 8-də, ikinci paket isə mayın 22-də açıqlanmışdı.

Reuters”in məlumatına görə, yeni materiallarda ABŞ-ın şimal-şərqində müşahidə edildiyi bildirilən parlaq, bəzən qırmızı rəngli kürəyə bənzər obyektlərlə bağlı hesabatlar yer alıb. Nəşr yazır ki, paketə FTB, Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqonla əlaqəli ümumilikdə 72 fayl daxildir.

CBS News”un məlumatına əsasən, açıqlanan materiallar arasında 53 sənəd, 10 görüntü, 6 video və NASA-ya aid 3 audioyazı var. Fayllarda hüquq-mühafizə əməkdaşlarının və digər şahidlərin naməlum obyektləri müşahidə etməsinə dair ifadələr də yer alıb.

Bununla belə, yayımlanan sənədlərdə müşahidə edilən obyektlərin mənşəyi ilə bağlı qəti nəticə təqdim olunmur. “The Guardian” yazır ki, Pentaqon materiallarda qeyd edilən hadisələrin hələlik izah olunmamış qaldığını və onların təbiəti barədə yekun qərar verilmədiyini bildirir.

Pentaqonun rəsmi portalında üçüncü paket üzrə sənədlər və videolar ayrıca yükləmə üçün yerləşdirilib. ABŞ rəsmiləri UAP-larla bağlı arxiv materiallarının mərhələli şəkildə ictimaiyyətə açıqlanmasının davam etdiriləcəyini bildirirlər.