İran və ABŞ arasında mümkün anlaşma layihəsi ilə bağlı yeni detallar yayılıb. İranın yarı-rəsmi “Fars” agentliyi sənədin Tehranda razılaşdırılmanın yekun mərhələsində olduğunu, lakin yekun qərarın hələ qəbul edilmədiyini bildirib.
“Fars”a istinadən “Iran International” yazır ki, mümkün saziş layihəsinin əsas bəndlərindən biri İranın xaricdə dondurulmuş aktivlərindən 12 milyard dolların dərhal azad edilməsidir. Mənbələrin iddiasına görə, Tehran bu vəsait açılmadan danışıqların növbəti mərhələsinə keçməyəcək.
Məlumata əsasən, sanksiyalar və İranın nüvə proqramı ilə bağlı daha geniş müzakirələr yalnız ilkin şərtlər yerinə yetirildikdən sonra başlanmalıdır. Bu şərtlər sırasında İran aktivlərinin bir hissəsinin açılması və Livanda tam atəşkəsin əldə olunması göstərilir.
“Fars”ın məlumatına görə, mümkün memorandum layihəsində İranın nüvə obyektlərinin demontajı və ya nüvə materiallarının məhv edilməsi ilə bağlı müddəa yoxdur. Agentlik ABŞ prezidenti Donald Trampın İranın nüvə materiallarının ABŞ tərəfindən çıxarılacağına dair açıqlamasını “qələbə görüntüsü yaratmaq cəhdi” kimi qiymətləndirib.
“Reuters” də yazır ki, İran tərəfi mümkün anlaşmanın nüvə məsələlərini əhatə etmədiyini bildirir. Agentliyə danışan yüksək rütbəli İran mənbəsi razılaşmanın yaxın olduğunu, lakin hələ təsdiqlənmədiyini deyib. Eyni mənbə Tehranla Vaşinqton arasında əsas fikir ayrılıqlarının hələ də qaldığını vurğulayıb.
Hörmüz boğazı ilə bağlı da tərəflərin mövqeyi fərqlidir. Tramp boğazın dərhal və heç bir ödəniş olmadan bütün gəmilər üçün açılmalı olduğunu bəyan edib. “Fars” isə layihədə İranın boğazdan keçən gəmilərdən ödəniş almasını qadağan edən müddəanın olmadığını yazır. Agentliyə görə, boğaz ABŞ-ın İran gəmilərinə tətbiq etdiyi blokadanı qaldırmasından sonra Tehranın müəyyən etdiyi şərtlərlə açılacaq.
“Reuters”in məlumatına görə, Tramp İranla mümkün razılaşma barədə yekun qərar vermək üçün Ağ Evin Situasiya Otağında müşavirə keçirəcəyini bildirib. ABŞ tərəfi İranın nüvə silahına malik ola bilməyəcəyini və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməli olduğunu vurğulayır.
Əvvəlki məlumatlara görə, tərəflər 60 günlük müvəqqəti anlaşma memorandumu üzərində işləyirlər. “Reuters” “Axios”a istinadən yazmışdı ki, ABŞ və İran atəşkəsin uzadılması və sonrakı mərhələdə nüvə proqramı üzrə danışıqların başlanması üçün ilkin razılaşmaya gəlib, lakin sənəd Trampın yekun təsdiqini gözləyir.
Beləliklə, Tehran və Vaşinqton arasında mümkün razılaşma ətrafında diplomatik proses sürətlənsə də, tərəflərin təqdim etdiyi şərtlər bir-birindən ciddi şəkildə fərqlənir. İran tərəfi aktivlərin açılmasını, Livanda atəşkəsi və nüvə dosyesinin ayrıca mərhələdə müzakirəsini önə çəkir. ABŞ isə Hörmüz boğazının açılması və İranın nüvə silahı hazırlamaması ilə bağlı sərt təminatlar tələb edir.