Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun iri birləşmələrinə daxil olan yüngül piyada bölmələrinin minaatan heyətləri arasında keçirilən atış yarışını şəxsən müşahidə edib. Şimali Koreya dövlət mediasının məlumatına görə, təlim aprelin 25-də — Koreya Xalq İnqilab Ordusunun yaradılmasının 94-cü ildönümü münasibətilə təşkil olunub.


KCNA-nın yaydığı məlumata əsasən, təlimdə bölmələrin təbii və süni maneələri sürətlə keçməsi, mövqelənməsi, müəyyən edilmiş vaxt ərzində müxtəlif hədəfləri məhv etməsi, daha sonra isə gizlənərək ərazidən uzaqlaşması üzrə bacarıqları yoxlanılıb. Dövlət mediası minaatan heyətlərinin “döyüş hazırlığı” və atəş imkanlarını nümayiş etdirdiyini bildirib.

Təlimi Kim Çen Inla birlikdə KXDR müdafiə naziri No Qvan Çhol, Koreya Xalq Ordusunun Baş Qərargah rəisi Ri Yon Gil, ordunun Baş Siyasi İdarəsinin rəisi Kim Son Gi və digər yüksək rütbəli hərbi komandirlər izləyiblər.
Rəsmi məlumata görə, yarışda birinci yeri Koreya Xalq Ordusunun 11-ci korpusuna daxil olan minaatan bölməsi tutub. Kim Çen In təlimin nəticələrindən məmnun qaldığını bildirib və orduda döyüş hazırlığının artırılması üçün bu tip yarışların daha intensiv keçirilməsi barədə göstəriş verib.
Qeyd edək ki, Şimali Koreya son aylarda artilleriya, raket və xüsusi təyinatlı bölmələrin hazırlığına dair təlimləri daha tez-tez ictimailəşdirir. Aprelin 15-də də Kim Çen In qərb bölgəsindəki iri hərbi birləşmələrin artilleriya bölmələri arasında keçirilən atış yarışını izləmiş və artilleriya qüvvələrinin modernləşdirilməsi planlarının yerinə yetirilməsini vurğulamışdı. (