Kim Çen In qadın futbolçuları şəxsən təbrik etdi

Şimali Koreya lideri Kim Çen In AFC Qadınlar Çempionlar Liqasını qazanan “Naegohyang” klubunun futbolçuları ilə görüşüb. Komanda Şimali Koreya tarixində bu turnirin qalibi olan ilk klub kimi tarixə düşüb.

28

Şimali Koreya lideri Kim Çen In AFC Qadınlar Çempionlar Liqasını qazanan “Naegohyang” qadın futbol klubunun üzvləri ilə görüşüb.

MSNews.az xəbər verir ki, “Korea JoongAng Daily”nin Koreya Mərkəzi Xəbər Agentliyinə — KCNA-ya istinadən yaydığı məlumata görə, Kim Çen In “Naegohyang” futbolçuları və məşqçiləri ilə görüşərək onları Asiya səviyyəsində qazandıqları tarixi uğur münasibətilə təbrik edib.

Məlumata əsasən, görüş iyunun 1-də Koreya Fəhlə Partiyası Mərkəzi Kadrlar Məktəbinin yaradılmasının 80 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində baş tutub. Kim Çen In həm AFC Qadınlar Çempionlar Liqasının qalibi olan “Naegohyang” komandası, həm də U-17 qadınlar arasında Asiya Kubokunu qazanan Şimali Koreya yığmasının üzvləri ilə görüşüb.

Şimali Koreya lideri daha sonra “Naegohyang” qadın futbol klubu ilə ölkənin U-17 qadın millisi arasında keçirilən yoldaşlıq xarakterli oyunu izləyib. Dövlət mediasının yaydığı görüntülərdə futbolçuların Kim Çen Inla görüş zamanı emosional anlar yaşadığı, bəzilərinin göz yaşlarını saxlaya bilmədiyi və böyük sevinc nümayiş etdirdiyi görünür.

Chosun Ilbo” yazır ki, Kim Çen In oyundan əvvəl futbolçular və məşqçilərlə görüşüb, onları təbrik edib və gələcək yarışlarda yeni titullar qazanmağa çağırıb. Şimali Koreya dövlət mediası görüşü ölkə idmanının böyük uğuru kimi təqdim edib.

“Naegohyang” bu il Şimali Koreya futbolu üçün tarixi nəticəyə imza atıb. AFC-nin rəsmi məlumatına görə, komanda finalda Yaponiyanın “Tokyo Verdy Beleza” klubunu 1:0 hesabı ilə məğlub edərək AFC Qadınlar Çempionlar Liqasının 2025/26 mövsümünün qalibi olub. Finaldakı yeganə qolu 44-cü dəqiqədə Kim Kyong Yong vurub.

AFC bildirir ki, “Naegohyang” qitə səviyyəsində qadın klubları arasında yarışda iştirak edən və titul qazanan ilk Şimali Koreya klubu olub. Bu qələbə komandaya 2027-ci il FIFA Qadınlar Çempionlar Kubokuna və 2028-ci ildə keçiriləcək ilk qadın klublararası dünya çempionatına vəsiqə qazandırıb.

Reuters”in məlumatına görə, “Naegohyang” turnirin finalını Cənubi Koreyanın Suvon şəhərində keçirib. Komandanın turnirdə iştirakı da siyasi baxımdan diqqət çəkib, çünki bu, Şimali Koreya idmançılarının Cənubi Koreyaya son səkkiz ildə ilk səfəri idi.

Bundan əvvəl yarımfinalda “Naegohyang” Cənubi Koreyanın “Suwon FC Women” komandasını 2:1 hesabı ilə məğlub etmişdi. Şimali Koreya nümayəndə heyəti 27 futbolçu və 12 heyət üzvündən ibarət olub.

Komandanın baş məşqçisi Ri Yu Il finaldan sonra uğuru Şimali Koreya rəhbərliyinin dəstəyi ilə əlaqələndirib.Məşqçi futbolçularının çətin şəraitə baxmayaraq, bütün diqqətlərini oyuna yönəltdiyini və ölkəyə qürur yaşatdığını bildirib.

“Naegohyang”ın qələbəsi Şimali Koreyada qadın futbolunun güclü ənənələrinin davamı kimi təqdim olunur. Ölkə son illərdə qadın futbolunda xüsusilə gənclər səviyyəsində ciddi uğurlar qazanıb. Klubun Asiya miqyasında titul əldə etməsi isə Şimali Koreyanın qadın futbolunda yalnız milli komanda səviyyəsində deyil, klub səviyyəsində də iddialı olduğunu göstərir.

Kim Çen Inın komandanı şəxsən qəbul etməsi və oyunlarını izləməsi bu uğurun Şimali Koreyada təkcə idman hadisəsi deyil, həm də siyasi və ideoloji simvol kimi təqdim edildiyini göstərir. Dövlət mediası futbolçuları “vətənin qürurlu qızları” kimi təqdim edir, onların qələbəsini isə ölkənin beynəlxalq arenadakı nüfuzunun göstəricisi kimi vurğulayır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930