Kanada hökuməti Arktika bölgəsində hərbi imkanlarını genişləndirərək təhlükəsizlik sahəsində ABŞ-dan asılılığını azaltmağa çalışır.
“Reuters”-in yaydığı məlumata görə, Ottava son aylarda bölgədə genişmiqyaslı hərbi təlimlər keçirib və şimal sərhədlərinin müdafiəsini gücləndirmək üçün yeni strategiya hazırlayıb.

Məlumata əsasən, Kanada hərbçiləri son üç ay ərzində sərt qış şəraitində 5 min kilometrdən çox qar motosikleti patrulu həyata keçiriblər. Təlimlərdə təxminən 1300 hərbçi iştirak edib. Onlar xizək patrulları, donmuş okean səthinə təyyarə enişləri və ağır silahların Arktika zonasına daşınması üzrə sınaqlar aparıblar. Bu, 2007-ci ildən bəri ən böyük “Operation Nanook” hərbi manevrlərindən biri sayılır.

Kanadanın Baş naziri Mark Karni mart ayında Arktika müdafiəsinin gücləndirilməsi üçün 35 milyard Kanada dolları həcmində proqram elan edib. Plan çərçivəsində hava bazalarının genişləndirilməsi, logistika mərkəzlərinin qurulması, hava limanlarının yenilənməsi və şimal yollarının inkişafı nəzərdə tutulur.

Bununla belə, ekspertlər bildirirlər ki, Kanada Arktika kimi nəhəng və sərt coğrafiyanı təkbaşına qorumaqda çətinlik çəkə bilər. “Reuters”-in danışdığı analitiklərə görə, Kanada və ABŞ arasında NORAD çərçivəsində mövcud müdafiə əməkdaşlığı hələ də həyati əhəmiyyət daşıyır. Mövcud radar sistemlərinin bir hissəsi köhnəlib və modernləşməyə ehtiyac duyur.
Geosiyasi baxımdan bölgədə əsas narahatlıqlar Rusiyanın şimalda hərbi aktivliyi və Çinin Arktik maraqlarının artması ilə bağlıdır. Buna görə də Ottavanın məqsədi tam ayrılmaq yox, daha balanslı və müstəqil təhlükəsizlik modeli qurmaq kimi qiymətləndirilir.