Kuba hökuməti bildirib ki, ABŞ-ın Venesuelada Prezident Nikolas Maduronun ABŞ-a ekstradisiyası əməliyyatı zamanı 32 kubalı vətəndaş həlak olub. Ölənlərin hamısı Kuba silahlı qüvvələri və kəşfiyyat orqanlarının üzvləri olub.
Hökumət həlak olanların xatirəsinə 5 və 6 yanvar tarixlərində iki günlük matəm elan edib. Mərasim və dəfn təfərrüatları yaxın günlərdə açıqlanacaq.
Kuba hökumətinin açıqlamasında qeyd olunub ki, xidməti vəzifələrini yerinə yetirən bu şəxslər döyüşdə və ya ABŞ qüvvələrinin bombardmanı nəticəsində həlak olublar. “Öz vəzifələrinə sadiq olaraq, vətənpərvərlik və qəhrəmanlıq göstərən həmvətənlərimiz düşmənə qarşı şiddətli müqavimət göstərərkən və ya obyektlərə edilən bombardman nəticəsində şəhid olmuşlar,” – deyə açıqlamada vurğulanıb.
Nikolas Maduro və həyat yoldaşı Siliya Flores şənbə günü ABŞ qüvvələri tərəfindən Venesuelanın paytaxtı Karakasda ələ keçirilərək ABŞ-a gətirilmişdi. Hazırda Maduro Nyu Yorkda həbsxanada saxlanılır və ABŞ məhkəməsində narkotik maddələri ilə bağlı ittihamlarla üzləşəcək.
Maduro 2020-ci ildə ABŞ tərəfindən narkoterrorizm və narkotik konspirasiyası ittihamları ilə mühakimə olunmuşdu. O, bütün ittihamları hər zaman rədd edib.