İlham Əliyev Antalya Diplomatiya Forumunun açılışında iştirak edib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Antalyada keçirilən 5-ci Diplomatiya Forumunun açılış mərasimində iştirak ediblər.

16

Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb. 

Açılış mərasimində Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan forum iştirakçılarına müraciət ünvanlayıb. Prezident Ərdoğan çıxışında Ermənistanla normallaşma prosesinin Azərbaycanla əlaqələndirilmiş şəkildə aparıldığını vurğulayıb. O, həmçinin ilin son aylarında Türkiyənin XIII Türk Dünyası Zirvəsinə ev sahibliyi edəcəyini və Türk Dövlətləri Təşkilatında sədrliyi Azərbaycandan təhvil alacağını bildirib.

Ərdoğan çıxışında Şərq-Qərb Orta Dəhliz təşəbbüsünə də toxunaraq, Xəzər üzərindən keçən bu marşrutun Asiya ilə Avropa arasında ən etibarlı ticarət yollarından biri olduğunu deyib və Türkiyənin bu layihəyə dəstəyinin davam etdiyini qeyd edib.

Forumun builki mövzusu “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” kimi müəyyənləşdirilib. Təşkilatçıların və forumla bağlı yayılan rəsmi məlumatların məzmununa görə, tədbir geosiyasi gərginliklər, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiq fonunda risk və imkanların müzakirəsinə həsr olunub.

“Anadolu Agentliyi”-nin məlumatına görə, builki forumda 150-dən çox ölkə təmsil olunur. Tədbirə 20-dən çox dövlət və hökumət başçısı, təxminən 15-ə yaxın müavin səviyyəsində nümayəndə, 50-dən çox nazir, o cümlədən 40-dan çox xarici işlər naziri, eləcə də 75 beynəlxalq təşkilatın nümayəndəsi qatılıb. Ümumilikdə 460-dan çox yüksəksəviyyəli iştirakçının və minlərlə qonağın forumda iştirakı gözlənilir.

Forum çərçivəsində lider panelləri də daxil olmaqla 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur. Antalya Diplomatiya Forumu 17–19 aprel tarixlərini əhatə edir və regionla yanaşı, daha geniş beynəlxalq gündəmdə təhlükəsizlik, diplomatiya və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə platforması kimi təqdim olunur.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.