Enerji sistemi hazırda Asiyada gedən geosiyasi dəyişikliklərin əsas oxlarından birinə çevrilib. Xüsusilə, Hörmüz boğazı ətrafında yaranan risklər region ölkələrinin sabit enerji idxalına birbaşa təsir göstərir. Bu vəziyyət daha çox dəniz marşrutlarından asılı olan Cənub-Şərqi Asiya ölkələrində və Yaponiyada hiss olunur.
Çin üzrə ekspert Pərviz Əliyevin MSNews.az üçün şərhində bildirilir ki, bu şəraitdə sürətlənən militarizasiya artıq yalnız siyasi seçim deyil, həm də logistika zəifliyindən doğan zərurətdir. Onun fikrincə, məsələ təkcə enerji resurslarının əldə olunmasında deyil, həmin resursların təhlükəsiz və fasiləsiz şəkildə daşınmasındadır.
Ekspert vurğulayır ki, Malakka boğazı bu mənzərədə ikinci strateji gərginlik nöqtəsinə çevrilir. Bu marşrut sadəcə tranzit dəhlizi deyil, həm də Şərqi və Cənub-Şərqi Asiya üçün enerji və malların əsas paylama mərkəzidir. Malakkaya nəzarət, eyni zamanda Çin üçün Fars körfəzi və Afrikadan neft və mayeləşdirilmiş təbii qaz tədarükünə təsir imkanları deməkdir.
Pərviz Əliyevin qənaətinə görə, Hörmüz və Malakka boğazları arasında formalaşan bağlılıq ikili təzyiq mexanizmi yaradır. Bir tərəfdən resursların axını məhdudlaşır, digər tərəfdən isə onların bölgə üzrə paylanması risk altına düşür. Beləliklə, bir nöqtədə baş verən hər hansı pozuntu avtomatik şəkildə digər mərkəzə də təsir edir.
Ekspertin fikrincə, bu sistemə Tayvan da texnoloji və istehsal mərkəzi kimi daxil olur. Onun strateji əhəmiyyəti təkcə regional münaqişə çərçivəsi ilə məhdudlaşmır, həm də qlobal yarımkeçirici təchizat zənciri və dəniz logistikasına təsir göstərir. Bu isə Tayvan məsələsini enerji marşrutları ilə birbaşa bağlı olmasa da, eyni geosiyasi zəncirin mühüm halqasına çevirir.
Şərhdə qeyd olunur ki, Cənub-Şərqi Asiya ABŞ və Çin arasında rəqabətin əsas məkanlarından biri olaraq qalır. Bu fonda Yaponiya da daha aktiv rol almağa çalışır. Pərviz Əliyev hesab edir ki, Vaşinqtonun yanaşmasında birbaşa ərazi nəzarətindən çox, strateji qovşaqlara nəzarət ön plana çıxır. Bu modeldə Yaponiya müttəfiq perimetrinin dənizdəki mövcudluğunu və logistika dayanıqlığını gücləndirən əsas alətlərdən biri kimi çıxış edir.
Ekspertin fikrincə, Çin üçün əsas risk tam təcrid olunmaq deyil. Əsas problem enerjiyə, marşrutlara və bazarlara çıxışın getdikcə daha baha və daha mürəkkəb hala gəlməsidir. Bu isə gələcəkdə Asiyada təhlükəsizlik, iqtisadiyyat və logistikanın bir-birindən ayrılmaz şəkildə formalaşacağını göstərir.
ŞƏRH | Pərviz ƏLIYEV