ABŞ Danimarka və Qrenlandiya ilə Arktikada hərbi mövcudluğunu genişləndirmək üçün yüksək səviyyəli danışıqlar aparır. “BBC”-yə istinadən yayılan məlumata görə, Vaşinqton Cənubi Qrenlandiyada üç yeni hərbi baza açmaq imkanını nəzərdən keçirir. Danimarka Xarici İşlər Nazirliyi ABŞ-la “diplomatik xətt” üzrə danışıqların davam etdiyini təsdiqləsə də, müzakirələrin detalları barədə açıqlama verməyib.
Məlumatı “The Jerusalem Post”-a istinadən təqdim edirik.
Məlumata əsasən, ABŞ rəsmiləri yeni obyektlərin formal olaraq ABŞ-ın suveren ərazisi kimi tanınması variantını da irəli sürüblər. Bununla belə, yekun razılaşmanın əldə olunmadığı, bazaların sayı və statusu ilə bağlı məsələlərin hələ müzakirə mərhələsində olduğu bildirilir.
Planlaşdırılan bazaların əsas məqsədinin Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı strateji GIUK Gap dəniz marşrutunda Rusiya və Çinin mümkün dəniz fəaliyyətini izləmək olduğu qeyd olunur. Ehtimal olunan məkanlardan biri kimi keçmiş ABŞ bazasının yerləşdiyi Narsarsuaq göstərilir; digər obyektlərin də mövcud infrastrukturun — hava limanları və ya limanların — olduğu ərazilərdə qurula biləcəyi bildirilir.
Hazırda ABŞ-ın Qrenlandiyada əsas hərbi obyekti Pituffik Kosmik Bazasıdır. “Associated Press”-in məlumatına görə, keçmiş Tule aviabazası olan Pituffik ABŞ Müdafiə Nazirliyinin ən şimal hərbi obyektidir və 1951-ci ildə Danimarka ilə ABŞ arasında imzalanmış müdafiə razılaşması əsasında fəaliyyət göstərir. Baza ABŞ və NATO üçün raket xəbərdarlığı, raket müdafiəsi və kosmik müşahidə əməliyyatlarını dəstəkləyir.
Soyuq müharibə dövründə ABŞ-ın Qrenlandiyada təxminən 17 hərbi obyekti olduğu, hazırda isə adada yalnız bir əsas bazanın fəaliyyət göstərdiyi bildirilir. Yeni müzakirələr ABŞ-ın Arktikadakı hərbi mövcudluğunu yenidən artırmaq niyyətinin göstəricisi kimi qiymətləndirilir.