ABŞ Ali Məhkəməsi Donald Trampın qlobal tariflərini ləğv etdi

ABŞ Ali Məhkəməsi Donald Trampın fövqəladə səlahiyyətlərə əsaslanaraq tətbiq etdiyi qlobal tarifləri qanunsuz sayıb. Qərar qlobal iqtisadiyyata təsir göstərə bilər.

51

ABŞ Ali Məhkəməsi prezident Donald Tramp tərəfindən tətbiq olunan genişmiqyaslı qlobal tarifləri ləğv edib. 6-3 səs çoxluğu ilə qəbul edilən qərar Respublikaçı prezident üçün ciddi hüquqi məğlubiyyət kimi qiymətləndirilir və qlobal iqtisadiyyata mühüm təsir göstərə bilər.

Qərarı Ali Məhkəmənin sədri Con Roberts qələmə alıb. Məhkəmə bildirib ki, Tramp 1977-ci il tarixli Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) istinad edərək tariflər tətbiq etməkdə səlahiyyət həddini aşıb. Qərarda vurğulanıb ki, sözügedən qanun prezidentə idxalı “tənzimləmək” hüququ versə də, bu, tarif tətbiq etmək səlahiyyəti anlamına gəlmir.

ABŞ Konstitusiyasına əsasən, vergi və tarif tətbiq etmək səlahiyyəti Konqresə məxsusdur. Məhkəmə qeyd edib ki, belə “böyük iqtisadi və siyasi əhəmiyyətə malik” qərarlar üçün açıq Konqres səlahiyyəti tələb olunur.

Qərardan sonra ABŞ fond indeksləri son iki həftənin ən yüksək artımını göstərib, dollar isə zəifləyib. Tramp qərarı “rüsvayçılıq” adlandırıb və administrasiyanın alternativ hüquqi mexanizmlər üzərində işləyəcəyini bildirib.

Məhkəmənin mühafizəkar hakimi Brett Kavano isə fərqli rəyində bildirib ki, qərar prezidentin digər qanuni əsaslarla oxşar tariflər tətbiq etməsini tam istisna etmir.

Qərar Tramp administrasiyasının başlatdığı və qlobal ticarət müharibəsinə səbəb olan tarif siyasətinə ciddi zərbə kimi qiymətləndirilir. İqtisadçıların hesablamalarına görə, yalnız IEEPA əsasında tətbiq edilən tariflərdən 175 milyard dollardan çox vəsait toplanıb.

Ali Məhkəmə artıq yığılmış milyardlarla dolların geri qaytarılıb-qaytarılmayacağı məsələsinə toxunmayıb. Ekspertlər mümkün kompensasiya mexanizminin mürəkkəb və uzunmüddətli olacağını bildirirlər.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.