ABŞ müttəfiqlərinə raket və hava hücumundan müdafiə sistemlərinin tədarükünün beş ilədək gecikə biləcəyi barədə xəbərdarlıq edib. Buna səbəb Vaşinqtonun İranla müharibə zamanı azalan silah-sursat ehtiyatlarını bərpa etməyə üstünlük verməsidir.
MSNews.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Bildirilir ki, Amerika ordusunun İranla müharibədə raket ehtiyatlarından intensiv istifadə etməsi bir sıra Avropa ölkələrinə silah tədarükünün təxirə salınmasına səbəb olub.
Almaniya ABŞ-dan uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin və yerüstü “Typhon” buraxılış qurğularının çatdırılmasını sürətləndirməyi istəyib. Lakin ehtiyatların azalması səbəbindən istehsalçı “Raytheon” şirkətinin bu sifarişi yaxın beş il ərzində yerinə yetirə bilməyəcəyi bildirilir. ABŞ silahlarından asılı olan bəzi Şərqi Avropa ölkələri də tədarük gecikmələri ilə üzləşiblər.
Silah çatışmazlığı Ukraynaya da təsir göstərir. Kiyev qış ərəfəsində hava hücumundan müdafiəsini gücləndirmək üçün əlavə “Patriot” raketləri tələb etsə də, Pentaqonun öz ehtiyatlarını bərpa etməyə üstünlük verməsi bu tədarükü çətinləşdirir.
Məlumata görə, ABŞ İranla müharibə zamanı ən müasir “Patriot” raketlərinin yarıdan çoxunu, “Tomahawk” ehtiyatlarının təxminən üçdəbirini, eləcə də yüksək dəqiqlikli raketlərinin və THAAD sisteminin raket əleyhinə sursatlarının təxminən yarısını istifadə edib.
Pentaqon rəsmiləri intensiv silah istifadəsinin strateji sursat ehtiyatlarında çatışmazlıq yaratdığını və müdafiə sənayesinin istehsal imkanlarındakı məhdudiyyətləri üzə çıxardığını etiraf ediblər. Bu barədə “Bloomberg” Pentaqonun Baş Müfəttişliyinin hesabatına istinadən məlumat yayıb.
ABŞ müdafiə sənayesi müəssisələri istehsal güclərini artırmağa çalışırlar. “Lockheed Martin” şirkəti “Patriot” sistemləri üçün PAC-3 MSE raketlərinin illik istehsalını təxminən 600-dən 2 000-ə çatdırmağı planlaşdırır.
Avropa liderlərinin gələn həftə Nyu-Yorkda keçiriləcək BMT görüşləri çərçivəsində Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələrinin verilməsi məsələsini Donald Trampla müzakirə edəcəkləri gözlənilir. Avropa İttifaqı rəsmiləri həmçinin Ukrayna üçün “Patriot” raketlərinin Avropada istehsalına imkan verən ABŞ lisenziyalarının əldə olunmasına çalışırlar.