Tramp yenidən namizəd olmaq istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp mümkün yenidən namizədlik barədə danışıb. Lakin ABŞ Konstitusiyasının 22-ci düzəlişi bir şəxsin prezident vəzifəsinə iki dəfədən artıq seçilməsini qadağan edir.

7

ABŞ Prezidenti Donald Tramp yenidən prezident seçkilərinə qatılmaq istəyi barədə danışıb.

MSNews.az xəbər verir ki, “ABC News” Trampın 2028-ci il seçkiləri və mümkün üçüncü prezidentlik müddəti ilə bağlı sualları cavablandırdığını yazıb. Məlumata görə, Tramp daha əvvəl belə bir ehtimal barədə danışarkən “bunu etmək istərdim” ifadəsini işlədib.

Tramp daha sonra ABŞ Konstitusiyasına əsasən yenidən prezident seçilməyə icazə verilmədiyini də bildirib. O, jurnalistlərə açıqlamasında bunun “kifayət qədər aydın” olduğunu deyib.

ABŞ Konstitusiyasının 22-ci düzəlişinə görə, heç bir şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Tramp 2016 və 2024-cü illərdə prezident seçildiyi üçün mövcud qaydalara əsasən üçüncü dəfə prezidentliyə namizəd ola bilməz.

Bununla belə, Tramp və tərəfdarları müxtəlif vaxtlarda 2028-ci il seçkiləri ilə bağlı ehtimalları gündəmə gətiriblər. “TIME” yazır ki, Tramp daha əvvəl sosial media paylaşımında “dördüncü müddətə cəhd edib-etməməli” olduğu barədə də sual ünvanlayıb.

ABŞ-da prezidentin üçüncü dəfə seçilməsi üçün Konstitusiyaya dəyişiklik tələb olunur. Bu isə həm Konqresdə, həm də ştatlar səviyyəsində geniş siyasi dəstək tələb edən mürəkkəb proses hesab edilir.