Qiymətləndirmə istiqamətləri genişləndirilir: əməyin dəyərinin qiymətləndirilməsi gündəmdədir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti əməyin dəyərinin qiymətləndirilməsinin müstəqil qiymətləndirmə fəaliyyətinə daxil edilməsini təklif edir. Ekspertlər bu addımın bazar şəffaflığını artıracağını bildirir.

66

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) əməyin qiymətləndirilməsi mexanizminin tətbiqinin rəsmi bazarın genişlənməsinə, maliyyə hesabatlılığının güclənməsinə və şəffaflığın tam təmin olunmasına mühüm töhfə verəcəyini bildirib. Müstəqil qiymətləndirmə fəaliyyətinə əmək bazarının və əməyin dəyərinin qiymətləndirilməsi istiqamətinin əlavə olunması perspektivləri müzakirə edilir.

Bu barədə AQC-nin İdarə Heyətinin üzvü Rüfət Əliyev açıqlama verib. Onun sözlərinə görə, əməyin dəyərləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna əsasən mövcud 9 qiymətləndirmə istiqaməti çərçivəsində, xüsusilə xidmətlərin qiymətləndirilməsi bölməsi üzrə birbaşa və ya dolayı şəkildə tətbiq oluna bilər. Ekspert qeyd edib ki, əməyin dəyəri həm nəzəri, həm də praktik baxımdan klassik qiymətləndirmə yanaşmaları – bazar, xərc və gəlir yanaşmaları əsasında müəyyən edilir.

Rüfət Əliyev beynəlxalq təcrübəyə toxunaraq bildirib ki, ABŞ-da əməyin dəyərinin qiymətləndirilməsi artıq institusionallaşmış praktikaya çevrilib. Bu sahədə peşəkar qiymətləndiricilər, forensik qiymətləndirmə üzrə ekspertlər, HR strukturları və müstəqil qiymətləndirmə şirkətləri fəal iştirak edir. Əməyin dəyərinə dair qiymətləndirmə hesabatları məhkəmə proseslərində, itirilmiş gəlirin hesablanmasında, korporativ restrukturizasiya layihələrində, startap və innovasiya təşəbbüslərində, həmçinin birləşmə və satınalma (M&A) proseslərində geniş istifadə olunur.

Ekspertin sözlərinə görə, ABŞ-da əməkhaqqı dövlət tərəfindən tənzimlənməsə də, əməyin iqtisadi dəyəri çox vaxt məhz qiymətləndirici hesabatlar vasitəsilə əsaslandırılır. Almaniyada isə bu proses iqtisadi ekspertiza formasında həyata keçirilir və rəsmi tanınmış ekspertlər, eləcə də qiymətləndirmə və konsaltinq şirkətləri tərəfindən icra olunur.

Rüfət Əliyev vurğulayıb ki, əmək fəaliyyətinin qiymətləndirilməsinin əsas fəlsəfəsi “idarə etmək üçün ölçmək lazımdır” prinsipinə əsaslanır. Onun fikrincə, düzgün qurulmuş fəaliyyət və motivasiya sistemi işçiləri yekun nəticəyə fokuslayır, hədəflərin tez-tez dəyişdirilməsi isə həm işçi, həm də işəgötürən üçün mənfi nəticələr yaradır. Sabit və şəffaf qiymətləndirmə mexanizmi rəhbərliyə işçilərin etimadını qazanmağa və strateji qərarları daha əsaslandırılmış şəkildə qəbul etməyə imkan verir.

Ekspert əlavə edib ki, əmək fəaliyyətinin qiymətləndirilməsi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında, müəyyən zaman intervallarında işçilərin fəaliyyətinin, məhsuldarlığının və inkişaf potensialının obyektiv təhlilini nəzərdə tutur. Bu yanaşma təkcə fərdi işçilərə deyil, komandalara və bütövlükdə şirkətin fəaliyyətinə də tətbiq oluna bilər.