“Carlsberg” Gürcüstan və Ermənistanda “PepsiCo” biznesini alır – Azərbaycan da vahid klasterə daxil olacaq

"Carlsberg" Gürcüstan və Ermənistanda "PepsiCo"-nun hazırkı bottler şirkətlərini almaq barədə razılığa gəlib. Azərbaycanla birlikdə Cənubi Qafqazda vahid "Carlsberg" klasterinin yaradılması planlaşdırılır.

90

Danimarkanın “Carlsberg Group” şirkəti Gürcüstan və Ermənistanda “PepsiCo” məhsullarının istehsalı və distribusiyası ilə məşğul olan iki şirkəti almaq barədə razılığa gəlib. Sövdələşmələr başa çatdıqdan sonra Azərbaycan, Gürcüstan və Ermənistan “Carlsberg”-in Cənubi Qafqaz üzrə vahid biznes klasterini formalaşdıracaq.

MSNews.az xəbər verir ki, “Reuters” məlumatına görə, “Carlsberg” Gürcüstandakı “Iberia Refreshments” və Ermənistandakı “JI Pepsi Cola Bottler Armenia” şirkətlərini hazırkı sahibi “Revery”-dən almağa razılaşıb. Sövdələşmələrin maliyyə şərtləri açıqlanmayıb.

Ermənistandakı şirkətin alınması yerli hökumətin tənzimləyici təsdiqini tələb edir. Razılaşmalar yekunlaşdıqdan sonra Gürcüstan və Ermənistan “Carlsberg Group”-un birbaşa fəaliyyət göstərdiyi bazarlara çevriləcək.

Şirkətin açıqlamasına əsasən, “Carlsberg” hər iki ölkədə “PepsiCo”-nun alkoqolsuz içkilər portfelinin istehsalı, satışı və distribusiyasını həyata keçirəcək. Bununla, “Carlsberg” və “PepsiCo” arasında bottler əməkdaşlığının əhatə etdiyi bazarların sayı 17-yə çatacaq.

Azərbaycan da bu regional strategiyanın mühüm hissəsidir. “Carlsberg” daha əvvəl elan edib ki, 1 yanvar 2027-ci ildən “PepsiCo”-nun Azərbaycandakı bottleri olacaq və ölkədə şirkətin alkoqolsuz içkilərinin istehsalını, satışını və distribusiyasını üzərinə götürəcək. Xırdalan zavodunun bu məqsədlə genişləndirilməsi planlaşdırılır.

“Carlsberg” bildirir ki, Azərbaycan, Gürcüstan və Ermənistan birlikdə şirkətin Cənubi Qafqaz klasterini yaradacaq. Məqsəd regionda daha geniş içki portfelinin inkişafı və əməliyyatların vahid platforma üzərindən genişləndirilməsidir.

Gürcüstanın “BM.ge” nəşrinin məlumatına görə, “Iberia Refreshments” 2025-ci ildə 123,6 milyon lari gəlir əldə edib. Şirkətin gəlirləri “PepsiCo” içkiləri ilə yanaşı “Lay’s”, “Doritos”, “Cheetos” və digər məhsulların satışını da əhatə edib. BM.GE

Bununla belə, “Carlsberg”-in rəsmi açıqlamasında “Lay’s”, “Doritos” və “Cheetos” kimi snək brendlərinin distribusiya hüquqlarının yeni sahibə keçəcəyi ayrıca göstərilmir. Rəsmi razılaşma “PepsiCo”-nun alkoqolsuz içkilər portfelinə fokuslanır. “Carlsberg” isə “Iberia Refreshments”in özünə məxsus “Iberia Lemonade”, “Maxx Power Energy Drink” və “Maxx Coffee” markalarını da portfelinə daxil edəcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.