Ermənistan Rusiya ilə ticarət gərginliyinin artdığı bir vaxtda Ukraynanın bərpası üzrə beynəlxalq forumda təmsil olunacaq.
MSNews.az xəbər verir ki, “Armenpress” Ermənistan Təhlükəsizlik Şurasının ofisinə istinadən məlumat yayıb. Bildirilib ki, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyunun 24–25-də Polşanın Qdansk şəhərində keçiriləcək “Ukraynanın Bərpası Konfransı 2026” tədbirində iştirak edəcək.
“Bloomberg”-in məlumatına görə, Ermənistanın bu tədbirdə iştirakı İrəvanın Moskvanın təsirindən uzaqlaşmaq və Qərblə əlaqələri dərinləşdirmək xəttinin növbəti göstəricilərindən biri kimi qiymətləndirilir. Forum Polşa və Ukraynanın birgə təşkilatçılığı ilə keçirilir və Ukraynanın bərpası, investisiyalar, infrastruktur, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərinə həsr olunub.
Bu addım Rusiya tərəfindən Ermənistan məhsullarına tətbiq edilən məhdudiyyətlər fonunda baş verir. “Reuters” daha əvvəl Moskvanın Ermənistanın Qərbə yaxınlaşması fonunda Yerevana iqtisadi təzyiqi artırdığını, bəzi kənd təsərrüfatı məhsulları, balıq, alkoqol, çiçək və mineral su kimi məhsulların Rusiya bazarına çıxışında problemlər yarandığını yazmışdı.
Avropa Komissiyası Rusiyanın bu addımlarını “iqtisadi məcburetmə” adlandırıb. Komissiya Prezidenti Ursula fon der Lyayen Ermənistan üçün 50 milyon avrodan çox təcili maliyyə yardımı hazırlanacağını, həmçinin bəzi erməni məhsullarının Avropa bazarlarına çıxışının asanlaşdırılması üzərində işlənəcəyini bildirib.
Daha sonra Avropa Komissiyası Ermənistana 34 milyon avroluq ilkin dəstəyin ayrıldığını açıqlayıb. Komissiyanın məlumatına görə, genişlənmə üzrə komissar Marta Kos iyulun 5-də Ermənistana səfər edərək dəstək paketinin icrası və Aİ-Ermənistan əməkdaşlığının növbəti mərhələlərini müzakirə edəcək.