Avropa İttifaqı Ermənistan ixracı üçün rüsumları azaldır

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İrəvanda Nikol Paşinyanla görüşüb. Aİ Ermənistan ixracının təxminən 80 faizinə rüsumsuz giriş təklif edir və ölkəyə 52 milyon avroluq dəstək paketi ayırır.

19

Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması Moskva ilə münasibətlərdə gərginlik fonunda yeni iqtisadi və siyasi mərhələyə daxil olur.

MSNews.az “Reuters”-ə istinadən xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen İrəvana səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb və ölkəyə əlavə iqtisadi dəstək elan edib. Agentliyin məlumatına görə, Aİ Ermənistan üçün əlavə 18 milyon avro ayırır və bu vəsait iyunun əvvəlində açıqlanan 52 milyon avroluq dəstək paketinin bir hissəsidir.

Fon der Lyayen görüş zamanı bildirib ki, Ermənistan Rusiyanın iqtisadi təzyiqi ilə üzləşir və bu şəraitdə Avropa İttifaqı İrəvana dəstəyi artırır. “Reuters” yazır ki, Aİ Ermənistan mallarının Avropa bazarına daha sürətli çıxışını təmin etmək üçün ixrac qaydalarını sadələşdirməyi planlaşdırır.

Aİ-nin təklif etdiyi yeni ticarət tədbirləri Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80 faizini rüsumsuz etməyi nəzərdə tutur. Bu barədə Avropa Komissiyası fon der Lyayenin İrəvanda verdiyi bəyanata istinadən məlumat yayıb. Komissiya rəhbəri qeyd edib ki, bu addım Ermənistan məhsullarının 450 milyon istehlakçısı olan Aİ bazarına çıxışını asanlaşdıracaq.

Məlumata görə, tədbirlər Rusiyaya ixrac edilən təzə meyvə, tərəvəz və bitki məhsullarının təxminən 99 faizini, içkilər və spirtli məhsulların isə 91 faizdən çoxunu əhatə edəcək. Bu qərarın qüvvəyə minməsi üçün Avropa Parlamenti və Aİ Şurası tərəfindən təsdiqlənməsi tələb olunur.

Nikol Paşinyan görüşdən sonra bildirib ki, Ermənistan üçün əsas məqsəd Avropa İttifaqı standartlarına tam uyğunlaşmaqdır. “Armenpress”-in məlumatına görə, Paşinyan deyib ki, əgər Ermənistan Aİ-yə üzv ola bilsə, bu, böyük nailiyyət olacaq. O əlavə edib ki, əgər Avropa İttifaqı hər hansı səbəbdən genişlənməmək qərarı versə belə, Ermənistan bu prosesdən qazanc əldə edəcək, çünki ölkə Aİ standartlarına uyğunlaşmış olacaq.

Ermənistan hökumətinin rəsmi saytında dərc olunan birgə bəyanatda Paşinyan Aİ-nin Ermənistan üçün ən etibarlı tərəfdaşlardan biri olduğunu bildirib. O qeyd edib ki, Aİ ilə münasibətlər artıq yalnız siyasi deyil, həm də praktiki iqtisadi məzmun qazanır. Baş nazir həmçinin Ermənistanın Aİ namizədi statusu və ya azad ticarət sazişi olmadan belə bu ticarət alətindən istifadə edəcək ilk ölkə ola biləcəyini vurğulayıb.

“Associated Press”-in məlumatına görə, Moskva son aylarda Ermənistanın bir sıra məhsullarına, o cümlədən çiçək, konyak, şərab, meyvə və digər mallara qarşı idxal məhdudiyyətləri tətbiq edib.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031