Bolqarıstan Ukraynaya maliyyə yardımını dayandırır

Bolqarıstanın Baş naziri Rumen Radev ölkəsinin büdcə problemləri səbəbindən Ukraynaya əlavə maliyyə yardımı göstərə bilməyəcəyini açıqlayıb. Sofiya hərbi yardımları da məhdudlaşdırır.

73

Bolqarıstanın Baş naziri Rumen Radev ölkəsinin büdcə kəsiri və dövlət ehtiyatları ilə bağlı problemlər səbəbindən Ukraynaya əlavə maliyyə yardımı göstərə bilməyəcəyini açıqlayıb. O, hərbi yardımların müharibənin daha da uzanmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

MSNews.az xəbər verir ki, Radev bu barədə İrlandiyanın paytaxtı Dublində keçirilən mətbuat konfransında danışıb.

Bu barədə Bolqarıstanın “BNT” telekanalı məlumat yayıb.

Baş nazir bildirib ki, ölkəsi hazırda Avropa İttifaqının həddindən artıq büdcə kəsiri proseduru ilə üzləşib və əlavə maliyyə öhdəlikləri götürmək imkanına malik deyil.

“Bu vəziyyətdə maliyyə yardımı göstərə bilmirik. Lakin digər üzv dövlətlərin qərarlarına mane olmayacağıq”, – deyə Radev vurğulayıb.

“Interfax-Ukrayna” agentliyinin məlumatına görə, Bolqarıstan hökuməti Ukraynaya öz hərbi ehtiyatlarından silah və sursat göndərilməsini də dayandırıb. Bununla belə, ölkənin müdafiə sənayesi müəssisələrinin kommersiya fəaliyyəti davam edir.

Radev münaqişənin hərbi yolla həllinə yönəlmiş yanaşmaları da tənqid edib.

“Şəxsən mən sülh şərtlərinin güc mövqeyindən diktə edilməsini qəbul etmirəm. Hələ ilyarım əvvəl bunun yeni qurbanlara, dağıntılara və münaqişənin daha da gərginləşməsinə səbəb olacağını demişdim. İndi bu eskalasiya bütün dünya üçün təhlükə yaradır”, – deyə Baş nazir bildirib.

O, Bolqarıstanın Ukraynada yaşayan etnik bolqarların təhlükəsizliyindən narahat olduğunu və hərbi xərclər əvəzinə humanitar yardımın, elektrik enerjisi təchizatının və səhiyyə xidmətlərinin dəstəklənməsinə üstünlük verdiyini qeyd edib.

Bolqarıstanın “BNR” radiosunun məlumatına görə, Sofiya Ukraynaya nəzərdə tutulan 70 milyard avroluq əlavə yardım paketində iştirak etməyəcək. Bununla belə, ölkə elektrik enerjisi ixracını, enerji və dəmir yolu infrastrukturunun bərpasına dəstəyi davam etdirir.

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.