Erməni Apostol Kilsəsinin “dirçəldilməsi” ilə bağlı yeni təşəbbüs elan edildi

Ermənistanda Erməni Apostol Kilsəsinin dirçəldilməsi ilə bağlı yeni təşəbbüs elan olunub. Baş nazir Nikol Paşinyan və bir qrup din xadimi bəyanat imzalayıb.

99

Ermənistan Respublikasının baş nazirinin iqamətgahında Erməni Apostol Müqəddəs Kilsəsinin “dirçəldilməsi” ilə bağlı yeni bəyanatın mətni razılaşdırılıb. Bu barədə yayılan açıqlamada bildirilir ki, sənəd üzərində müzakirələr bir neçə saat davam edib və yekun mətn razılaşdırılıb.

Bəyanatda imza atan tərəflər özlərinin Rəbb İsa Məsihin təliminə, müqəddəs həvarilər Faddey və Varfolomeyin yaydığı imana, eləcə də, Nurlandıran Qriqor (Qriqor Lusavoriç) və çar Trdatın səyləri ilə formalaşmış Erməni Apostol Müqəddəs Kilsəsinin irsinə sadiq qaldıqlarını vurğulayıblar. Sənəddə Kilsənin ictimai dəyərlərin formalaşmasında, milli kimliyin qorunmasında və cəmiyyət həyatının əsaslarının möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Eyni zamanda, bəyanatda Erməni Apostol Kilsəsinin rəhbərliyi və onun yaxın ətrafının fəaliyyəti ilə bağlı narahatlıq ifadə olunur. Bildirilir ki, İncilin təbliği missiyasından uzaqlaşma, mənəvi həyatın pozulması və əxlaqi tənəzzül hallarına dözümlü münasibət ciddi problemlər yaradıb.

Sənəddə Kilsənin siyasi proseslərə cəlb edilməsi və müxtəlif qrup maraqları naminə istifadə olunması qəti şəkildə pislənir və bunun kilsə kanonlarına zidd olduğu vurğulanır. Qeyd olunur ki, Kilsənin özbaşına idarə olunması və ayrı-seçkilik halları daxili parçalanmalara və milli-mənəvi dəyərlərdən uzaqlaşmaya səbəb olub.

Bəyanata əsasən, bu problemlərin aradan qaldırılması məqsədilə Erməni Apostol Müqəddəs Kilsəsinin dirçəldilməsi prosesi başladılır və bunun üçün xüsusi yol xəritəsi hazırlanır. Bu çərçivədə təşkilati işləri həyata keçirmək üçün Koordinasiya Şurası yaradılır, şuranın tərkibi isə yekdil qərarla genişləndirilə bilər.

Açıqlamada yaxın günlərdə imzalanma mərasiminin keçiriləcəyi, sabah isə mühüm tədbirlərin əvvəlcə Surb Sarkis kilsəsində, daha sonra İrəvanda Surb Qriqor Lusavoriç kilsəsində Milad liturgiyası zamanı baş tutacağı bildirilir.

Bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan, arxiyepiskoplar Hovan, Navasard, Abraam, Arakel, Sion, Vazgen və yepiskoplar Anuşavan, Vrdanes, Artak, Gevorq imzalayıb. Bildirilib ki, bütün imzalar müəyyən olunmuş prosedura uyğun razılaşdırılıb.