Trampdan İrana sərt mesaj: “Razılaşma olmasa, pis şeylər baş verə bilər”

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğursuz olacağı təqdirdə ciddi nəticələr ola biləcəyini bildirib, Rusiya–Ukrayna sülh prosesinə nikbin yanaşdığını vurğulayıb.

51

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma məsələsinə toxunaraq, danışıqların uğursuz olacağı təqdirdə ciddi nəticələrin yarana biləcəyi barədə xəbərdarlıq edib. Tramp bildirib ki, hazırda İrana doğru hərəkət edən “çox böyük” Amerika gəmiləri var və eyni zamanda Tehranla danışıqlar davam edir.

Vaşinqtonda Oval Ofisdə keçirilən imza mərasimində çıxış edən Tramp İran gündəmi ilə yanaşı Rusiya–Ukrayna danışıqlarında son vəziyyəti də dəyərləndirib. “İranla razılaşmaya varmaq istərdim. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılaşsaq, bu çox yaxşı olar. Razılaşa bilməsək, böyük ehtimalla pis şeylər baş verəcək”, – deyə Tramp bildirib və diplomatik prosesə açıq olduğunu vurğulayıb.

İranla bağlı prosesin mənfi ssenari üzrə inkişaf edəcəyi halda hansı addımların atıla biləcəyi sualına cavab verən Tramp, “Bunu sizə demək ağılsızlıq olardı”, – deyərək detallara girməkdən imtina edib, lakin danışıqların davam etdiyini təsdiqləyib.

Rusiya–Ukrayna münaqişəsinə də toxunan Tramp sülh danışıqlarına nikbin yanaşdıqlarını bildirib. “Düşünürəm ki, Ukrayna və Rusiya ilə proses çox yaxşı gedir. Bunu ilk dəfə deyirəm, hazırda vəziyyət yaxşıdır və bəlkə də tezliklə müsbət xəbərlər alacağıq”, – deyə o qeyd edib. Tramp, həmçinin Rusiya Prezidenti Vladimir Putindən sərt hava şəraitini əsas gətirərək Ukraynaya qarşı hücumları bir həftəlik dayandırmağı xahiş etdiyini və Putinin bununla razılaşdığını bir daha təkrarlayıb.

Tramp Oval Ofisdə keçirilən tədbirdə Ceffri Epşteyn işi ilə bağlı suallara da cavab verib. ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərin onu “tam şəkildə təmizə çıxardığını” iddia edən Tramp, Epşteyn adasına heç vaxt getmədiyini bildirib. Onun sözlərinə görə, sənədlərdə adaya səfər etmiş bir sıra tanınmış demokrat siyasətçilərin, o cümlədən sabiq ABŞ Prezidenti Bill Klintonun adı yer alır. Tramp, Epşteyn və yazıçı Maykl Volfun onun prezidentliyinin qarşısını almaq üçün “komplo qurduğunu” irəli sürərək, “Ceffri Epşteyn ilə heç bir əlaqəm yoxdur”, – deyə vurğulayıb.

Xatırladaq ki, azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə mühakimə olunan Ceffri Epşteyn, 2019-cu il avqustun 10-da Nyu Yorkdakı Manhetten Metropolitan Həbsxanasında ölü tapılmışdı. Açıq məhkəmə sənədlərində bir sıra tanınmış siyasətçilər, iş adamları və məşhur şəxslərin adları yer alsa da, FTB və ABŞ Ədliyyə Nazirliyi aparılan araşdırmalar nəticəsində “müştəri siyahısı”nın mövcudluğuna dair sübut tapılmadığını və Epşteynin intihar etdiyi qənaətinə gəlin­diyini açıqlamışdı.

Tramp çıxışı zamanı ABŞ sənayesi üçün kritik mineral ehtiyatlarının yaradılmasını nəzərdə tutan “Project Vault” adlı yeni təşəbbüsü də elan edib. O bildirib ki, layihə 10 milyard dollarlıq ABŞ İxrac-İdxal Bankı maliyyələşməsi və 2 milyard dollarlıq özəl sektor investisiyası hesabına reallaşdırılacaq. Trampın sözlərinə görə, bu addım Amerika sənayesinin strateji minerallara çıxışını təmin edəcək və vergi ödəyiciləri layihənin maliyyələşdirilməsində istifadə olunan kreditlərin faiz gəlirindən qazanc əldə edəcək.