ABŞ Prezidenti Donald Tramp Rusiya nefti üzrə sanksiya güzəştlərinin mümkün uzadılması, qlobal enerji qiymətləri və İranla bağlı Vaşinqtonun əsas mövqeyi barədə danışıb. Tramp jurnalistlərin Rusiya nefti üçün sanksiya güzəştinin uzadılıb-uzadılmayacağı ilə bağlı sualına cavab olaraq ABŞ-ın enerji qiymətlərini sabitləşdirmək üçün “lazım olan hər şeyi” edəcəyini bildirib.
Ağ Ev rəhbəri qeyd edib ki, İranla müharibə başa çatdıqdan sonra neft qiymətlərinin aşağı düşəcəyini, fond bazarının isə daha da yüksələcəyini gözləyir. Onun sözlərinə görə, hazırda neftlə yüklənmiş yüzlərlə gəmi bazara çıxmaq istəyir və bu proses baş verəndə “neft bolluğu” yaranacaq, inflyasiya isə ciddi şəkildə azalacaq.
ABŞ daha əvvəl enerji bazarlarında gərginliyi azaltmaq məqsədilə sanksiyalara məruz qalan Rusiya neftinin alınmasına müvəqqəti icazə vermişdi. “Reuters”-in məlumatına görə, Tramp administrasiyası aprel ayında bu güzəşti təxminən bir ay müddətinə yeniləmiş və lisenziya mayın 16-dək qüvvədə saxlanılmışdı. Vaşinqton bu addımı İran müharibəsi fonunda qlobal enerji qiymətlərinin artması ilə izah etmişdi.
Tramp İranla bağlı qərarlarında iqtisadi göstəriciləri əsas götürmədiyini də vurğulayıb. Jurnalistin amerikalıların maliyyə vəziyyətinin İranla mümkün razılaşmaya nə dərəcədə təsir etdiyi barədə sualına Tramp “zərrə qədər də yox” cavabını verib. O bildirib ki, onun üçün əsas məsələ İranın nüvə silahına sahib olmamasıdır.
ABŞ lideri “İranın nüvə silahı ola bilməz” mövqeyini bir daha təkrarlayaraq, bu məsələnin həm ABŞ, həm də qlobal təhlükəsizlik baxımından həlledici olduğunu deyib. Tramp bu açıqlamanı Çinə səfəri öncəsi Ağ Evdən ayrılarkən jurnalistlərə verib.
Tramp Ukraynadakı müharibənin həlli ilə bağlı da nikbin danışıb. O, Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunacağına inandığını bildirib və müharibənin başa çatmasının “çox yaxın” olduğunu deyib. Tramp bu açıqlamanı da Çinə səfəri öncəsi jurnalistlərlə söhbətində verib.
Bundan əlavə, ABŞ prezidentinin bu il Rusiyaya səfər edə biləcəyini istisna etmədiyi bildirilir. Tramp Rusiya səfərinin mümkünlüyü barədə suala cavabında “bu, mümkündür” deyib və Ukrayna münaqişəsinin nizamlanması üçün lazım olan addımları atacağını bildirib.