Araqçi: “Əliyev-Pezeşkian danışığı vəziyyəti dəyişdi”

İranın xarici işlər naziri Abbas Araqçi Məsud Pezeşkianla İlham Əliyevin birbaşa ünsiyyətinin Azərbaycan-İran münasibətlərində yaranmış gərginliyin aradan qaldırılmasına ciddi təsir göstərdiyini bildirib.

47

İranın xarici işlər naziri Abbas Araqçi Prezident Məsud Pezeşkianla Azərbaycan Prezidenti İlham Əliyev arasında birbaşa ünsiyyətin iki ölkənin münasibətlərində yaranmış gərginliyin aradan qaldırılmasında mühüm rol oynadığını bildirib.

MSNews.az xəbər verir ki, Əraqçi bu barədə danışarkən Pezeşkian hökumətinin xarici siyasətində qonşu ölkələrlə münasibətlərə xüsusi prioritet verildiyini vurğulayıb.

Bu barədə “APA” Tehran bürosuna istinadən məlumat yayıb.

Araqçinin sözlərinə görə, son müharibə zamanı Azərbaycanla İran arasında münasibətləri müəyyən qədər gərginləşdirən problem yaranıb.

“Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı, Azərbaycan dilində səmimi salamlaşması və bir neçə Azərbaycan atalar sözündən istifadə etməsi vəziyyəti tamamilə dəyişdi”, – İran XİN rəhbəri bildirib.

Araqçi qeyd edib ki, Pezeşkian birbaşa dialoqa xüsusi əhəmiyyət verir. Onun sözlərinə görə, İran Prezidentinin Azərbaycana səfəri zamanı İlham Əliyevlə birbaşa ünsiyyəti də əvvəl müəyyən eniş-yoxuşlarla müşayiət olunan münasibətlərə müsbət təsir göstərib. İran XİN rəhbəri Tehranın əsas məqsədinin qonşuluqda sülh və sabitliyi təmin etmək, daha sonra iqtisadi, siyasi və mədəni əməkdaşlığı genişləndirmək olduğunu deyib.

Araqçi İranın Mərkəzi Asiya və Qafqaz ölkələri, eləcə də Əfqanıstan, Pakistan, Türkiyə və İraqla münasibətlərinin yaxşı olaraq qaldığını da bildirib.

Azərbaycan-İran münasibətlərində müsbət ritorika son həftələrdə də davam edib. Avqustun 10-da İlham Əliyev Pezeşkianın Azərbaycan barədə səsləndirdiyi fikirlərə cavab olaraq ona “xoş və səmimi sözlərinə görə” təşəkkür edib və iki xalqın çətin günlərdə daim bir-birinin yanında olduğunu vurğulayıb.