2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə regionda fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov MSNews.az-a müsahibə verib. O, bu əlamətdar günün mənası, təşkilatın gənclərlə bağlı fəaliyyəti və region gənclərinin inkişafı istiqamətində görülən işlərdən danışıb.
Ramin Mahmudov bildirib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü onun üçün sadəcə təqvimdə bir tarix deyil.
“Mənim üçün 2 Fevral ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə təsis etdiyi, enerjinin, ideyaların və gələcəyə inamın simvolu olan bir gündür”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, gənclik cəmiyyətin əsas hərəkətverici qüvvəsidir: “
Gənclik enerjidir, ideya daşıyıcısıdır, innovasiya yaradıcısıdır. Bu gün Azərbaycan gənci öyrənən, yaradan, inkişaf edən və ən əsası vətənpərvər, qalib bir nəsildir”.
Təşkilatın fəaliyyəti barədə danışan sədr vurğulayıb ki, “Yurd” İctimai Birliyi gənclərin inkişafı üçün yalnız bayram günlərində deyil, ilboyu müxtəlif layihələr həyata keçirir. “Biz gənclər arasında intellektual bacarıqların inkişafına, milli dəyərlərin və vətənpərvərlik ruhunun gücləndirilməsinə xüsusi önəm veririk”, – deyə R. Mahmudov bildirib. O əlavə edib ki, gənclərin qeyri-formal öyrənməyə marağını nəzərə alaraq intellektual oyunlara üstünlük verilir: “Bu oyunlar Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası, incəsənəti, Vətən müharibəsi və şəhidlərimizin qəhrəmanlıqları mövzusunda olur”.
Müsahibədə qeyd olunub ki, məhz 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclər arasında “Gənclik” mövzusunda intellektual oyun üzrə turnirin keçirilməsi planlaşdırılır. “Məqsədimiz bu günü sadəcə qeyd etmək yox, gənclərin öyrəndiyi, özünü ifadə etdiyi və ruhlandığı bir günə çevirməkdir”, – deyə sədr vurğulayıb.
Region gənclərinin inkişafı istiqamətində görülən işlərə toxunan Ramin Mahmudov bildirib ki, təşkilat fəaliyyətini davamlılıq və əlçatanlıq prinsipləri üzərində qurub. Onun sözlərinə görə, indiyədək şimal regionunun Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında müxtəlif layihələr icra olunub.
“Biz ucqar dağ kəndlərinə qədər gedərək potensiallı gənclərin üzə çıxarılması üçün tədbirlər həyata keçirmişik”, – deyə o əlavə edib.
Sədr onu da qeyd edib ki, region məktəblərində intellektual oyun klublarının yaradılması gənclərin bilik və dünyagörüşünün artırılmasına mühüm töhfə verir: “Əsas məqsədimiz region gənclərinin potensialını üzə çıxarmaq, onların özünəinamını və cəmiyyətə inteqrasiyasını gücləndirməkdir”.
Müsahibənin sonunda Ramin Mahmudov bütün gəncləri bayram münasibətilə təbrik edib:
“2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün gəncləri və gənclər sahəsində çalışan hər kəsi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar və yorulmazlıq arzulayıram”.