Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondu, DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən əlilliyi olan gənclər üçün motivasiya platforması – “GəncTALKS” təşkil olunub.
Fevralın 4-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirin əsas məqsədi əlilliyi olan gənclərin cəmiyyətə tam və bərabər inteqrasiyasını təşviq etmək, onların sosial bacarıqlarını gücləndirmək, özünəinam və motivasiyasını artırmaq, eyni zamanda mövcud potensiallarının üzə çıxarılmasına dəstək vermək olub.
Tədbir çərçivəsində müxtəlif sahələrdə uğur qazanmış əlilliyi olan şəxslər öz həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham verib, onlarda gələcəyə inam və yeni baxış bucağı formalaşdırıblar. Səmimi çıxışlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, istedadlı gənclərin ifasında təqdim olunan musiqili çıxışlar tədbirə xüsusi rəng qataraq yüksək əhval-ruhiyyə yaradıb.
Qeyd edək ki, Azərbaycan Gəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Gənclər Fondu tərəfindən “GəncLAND” Gənclər Festivalı, ölkənin ən böyük fərdi intellektual yarışı olan “GəncİNTELLEKT”, “GəncVİZYON” İdeyatonu və “GəncTALKS” Motivasiya Platforması həyata keçirilib. Bu təşəbbüslər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.
















