Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə sentyabrın 6-da Kiyevdə görüşüb.
MSNews.az xəbər verir ki, ABŞ nümayəndələri Ukraynaya Moskvada Rusiya Prezidenti Vladimir Putinlə üç saatdan çox davam edən danışıqlardan sonra gəliblər.“Reuters” görüşün Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində yenilənmiş diplomatik təşəbbüsünün bir hissəsi olduğunu bildirir.
Uitkoff və Kuşnerin bu səfəri onların ABŞ sülh danışıqları nümayəndələri qismində Kiyevə ilk rəsmi səfəridir. Ukrayna rəhbərliyi amerikalı vasitəçilərin Moskvaya çoxsaylı səfərləri fonunda onların Kiyevə də gəlməsini uzun müddətdir gözləyirdi.
Zelenski görüşdən əvvəl Ukrayna tərəfinin mümkün sülh razılaşması ilə bağlı öz təkliflərini hazırladığını bildirib. Onun sözlərinə görə, Kiyev üçün əsas məsələlərdən biri gələcəkdə Rusiyanın yenidən hücum etməsinin qarşısını ala biləcək etibarlı təhlükəsizlik zəmanətləridir.
“Ləyaqətli müharibədən sonrakı sülh lazımdır. Təhlükəsizlik zəmanətləri lazımdır. Bizim təkliflərimiz hazırlanıb”, – Zelenski bildirib.
Danışıqların ilk raundu təxminən üç saat davam edib və işçi naharı da əhatə edib. Uitkoff görüşdən sonra müzakirələri müsbət qiymətləndirib.
“Müzakirəmiz çox məzmunlu, mühüm oldu və biz çox ruhlanmışıq”, – ABŞ nümayəndəsi deyib.
“Associated Press” yazır ki, Zelenski iki raundlu danışıqların məqsədini “ədalətli sülhə” nail olmaq və Rusiyanın gələcəkdə Ukraynaya qarşı yeni təcavüz imkanının yaranmasının qarşısını almaq kimi təqdim edib. Kuşner isə Donald Trampın məqsədinin yalnız hazırkı müharibəni dayandırmaq deyil, davamlı sülh üçün şərait yaratmaq olduğunu bildirib.
Danışıqların növbəti mərhələsinə Avropa ölkələrinin də qoşulması nəzərdə tutulub. Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik müşavirləri sentyabrın 6-da Kiyevdə olublar və ABŞ-Ukrayna təmaslarının davamında iştirak etmələri planlaşdırılıb.
ABŞ nümayəndələri bir gün əvvəl Kremldə Vladimir Putinlə üç saatdan çox görüşmüşdülər. Putinin köməkçisi Yuri Uşakov həmin danışıqları konstruktiv və faydalı adlandırsa da, Moskva görüşündən sonra konkret sülh razılaşması və ya ciddi irəliləyiş elan edilməyib.
Tərəflər arasında ən mürəkkəb məsələlərdən biri Donbasın gələcək statusudur. Rusiya Ukraynanın hələ də nəzarət etdiyi Donetsk vilayətinin müəyyən ərazilərindən qoşunlarını çıxarmasını tələb edir. Kiyev isə bu tələbi qəbul etmir və həmin əraziləri Rusiyaya təhvil verməyəcəyini bildirir.
Danışıqlar fonunda Moskva və Kiyev bir-birinin paytaxtlarına zərbələri müvəqqəti dayandırmaq barədə razılaşmışdılar. Zelenski sentyabrın 5-də Ukraynanın danışıqlar müddətində Moskvaya hava zərbələrindən çəkinməyə hazır olduğunu açıqlamışdı. “Ukrayna Prezident Administrasiyası” bunun şənbə, bazar və bazar ertəsini əhatə edən müvəqqəti rejim olduğunu bildirib.
Bununla belə, bu razılaşma ümumi atəşkəs deyil. Təxminən 1200 kilometrlik cəbhə xəttində döyüşlər davam edir və tərəflər digər bölgələrə qarşı uzaqmənzilli zərbələri dayandırmayıblar.