İlham Əliyev Davosda beynəlxalq təşkilat və şirkət rəhbərləri ilə görüşdü

Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində ÜST, “DP World” və “Carlsberg Group” rəhbərləri ilə görüşərək səhiyyə, logistika və istehsal sahələrində əməkdaşlığı müzakirə edib.

29

Yanvarın 19-da Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra digərmmühüm görüşlər keçirib.

Davos səfəri çərçivəsində Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub. Görüş zamanı tərəflər əvvəlki görüşlərini məmnunluqla xatırlayıb, Azərbaycan ilə ÜST arasında uzun illərdir uğurla davam edən əməkdaşlıq yüksək qiymətləndirilib. Azərbaycanın təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə verdiyi töhfələr vurğulanıb, xüsusilə COVID-19 pandemiyası dövründə ölkəmizin bir sıra dövlətlərə könüllü maliyyə yardımı göstərməsi beynəlxalq həmrəylik nümunəsi kimi qeyd edilib. Görüşdə Azərbaycan–ÜST əməkdaşlığının gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Prezident İlham Əliyev dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə də görüşüb. Görüşdə “DP World”un Azərbaycanda həyata keçirdiyi uğurlu fəaliyyət məmnunluqla qeyd olunub. Azərbaycanın mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi vurğulanaraq, son illərdə ölkədə müasir nəqliyyat və logistika infrastrukturunun qurulması istiqamətində icra edilən layihələrdən bəhs edilib. Bu kontekstdə “DP World” ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə də görüş keçirib. Söhbət zamanı Azərbaycanda tam yerli xammal əsasında məhsul istehsalı istiqamətində görülən işlər qeyd olunub. Bu xüsusda İmişlidə pivə istehsalında əsas xammal olan arpanın emalı müəssisəsinin fəaliyyəti vurğulanıb, gələcəkdə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılmasının planlaşdırıldığı bildirilib. Yakob Aarup-Andersen “Carlsberg Group”un Azərbaycanda istehsal etdiyi məhsulların ixracının 2025-ci ildə əhəmiyyətli dərəcədə artdığını qeyd edib, ölkəmizdə xarici investorlar üçün yaradılmış əlverişli investisiya və biznes mühitindən məmnunluq ifadə olunub.