Peter Madyar Macarıstanın yeni Baş naziri seçildi

Macarıstan parlamenti “Tisza” Partiyasının lideri Peter Madyarı ölkənin yeni Baş naziri seçib. Səsvermədə 140 deputat onun namizədliyini dəstəkləyib.

Macarıstan Dövlət Məclisi apreldə keçirilmiş parlament seçkilərində qalib gələn “Tisza” Partiyasının lideri Peter Madyarın Baş nazirliyini təsdiqləyib. Yeni çağırış parlamentin ilk iclasında keçirilən səsvermədə Madyarın namizədliyini 140 deputat dəstəkləyib, 54 nəfər əleyhinə səs verib, 1 deputat isə bitərəf qalıb. Ümumilikdə 199 deputatdan 195-i səsvermədə iştirak edib. 

Səsvermədən sonra Madyar and içərək Macarıstanın yeni hökumət başçısı kimi fəaliyyətə başlayıb. O, inauqurasiya çıxışında “sistemi dəyişmək” və ölkədə yeni mərhələ başlatmaq vədi verib.

Aprelin 12-də keçirilmiş parlament seçkilərində Madyarın rəhbərlik etdiyi “Tisza” Partiyası Viktor Orbanın Fidesz–KDNP blokunu məğlub edərək 199 yerlik parlamentdə 141 mandat qazanıb. Bu nəticə partiyaya konstitusion çoxluq verir və Macarıstanda Orbanın 16 illik hakimiyyət dövrünün başa çatması kimi qiymətləndirilir.

Madyar ilk çıxışında ölkədə korrupsiyaya qarşı mübarizə, demokratik institutların bərpası və Avropa İttifaqı ilə münasibətlərin normallaşdırılmasını əsas prioritetlər kimi göstərib. “Reuters” yazır ki, yeni Baş nazir həmçinin Macarıstanın Qərb yönümlü kursunu gücləndirmək, Aİ ilə illərlə davam edən gərginliyi azaltmaq və dondurulmuş Avropa fondlarının açılması üçün danışıqlar aparmaq niyyətindədir.

İclas zamanı diqqətçəkən məqamlardan biri Madyarın ölkə prezidenti Tamaş Şuyoku istefaya çağırması olub. “Bloomberg”-in məlumatına görə, yeni Baş nazir andiçmədən bir neçə dəqiqə sonra prezidentə müraciət edərək onun əvvəlki hökumətin demokratik institutlara zərər verdiyi dövrdə susduğunu bildirib və vəzifədən getməyə çağırıb.

Macarıstan parlamentinin yeni spikeri isə Aqneş Forsthoffer seçilib. Macarıstan mediasının məlumatına görə, o, yeni çağırış parlamentin ilk iclasını bağlayaraq növbəti iclasın mayın 12-də keçiriləcəyini açıqlayıb.

Madyarın Baş nazir seçilməsi Macarıstanın daxili siyasətində kəskin dönüş nöqtəsi hesab olunur. Yeni hökumətin qarşısında iqtisadi durğunluq, büdcə kəsiri, Aİ ilə münasibətlərin bərpası və Orban dövründən qalan institusional təsirin azaldılması kimi ciddi çağırışlar dayanır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.