Aprelin 25-də Ukraynanən prezidenti Volodimir Zelenski Azırbaycana işgüzar səfərə gəlib. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ukrayna prezidentinin qarşılanma mərasimi baş tutub.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında təkbətək və geniş tərkibdə görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, o cümlədən enerji, kənd təsərrüfatı, humanitar sahə və Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub.
Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər. Görüş zamanı iki ölkə arasında siyasi dialoq, energetika, ticarət, hərbi-texniki əməkdaşlıq, humanitar dəstək və sülh danışıqları ilə bağlı məsələlər müzakirə olunub.
Prezident İlham Əliyev bildirib ki, son dörd il ərzində Azərbaycan və Ukrayna prezidentləri səviyyəsində yeddi görüş keçirilib. Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın güclü siyasi təmələ malik olduğunu vurğulayaraq, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə isə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədlərində ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin əksini tapdığını qeyd edib.
Əliyevin sözlərinə görə, Azərbaycan və Ukrayna beynəlxalq təşkilatlarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe davam edəcək. Prezident həmçinin SOCAR-ın Ukraynada uzun illərdir fəaliyyət göstərdiyini, energetika sahəsində yeni layihələr və sərmayə imkanlarının müzakirə olunduğunu bildirib. Dövlət başçısı iki ölkə arasında ticarət dövriyyəsinin yarım milyard dolları keçdiyini və bu göstəricinin artırılması üçün imkanların olduğunu deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. O, görüş çərçivəsində 6 sənədin imzalandığını, əsas istiqamətlərdən birinin təhlükəsizlik və müdafiə sənayesi olduğunu qeyd edib. Zelenskinin sözlərinə görə, Ukrayna ekspertləri Azərbaycandadır və tərəflər gələcəkdə birgə istehsal sahəsində əməkdaşlığı davam etdirməyi planlaşdırır.
Zelenski Azərbaycan tərəfinə Ukraynaya göstərilən dəstəyə görə təşəkkür edib. O bildirib ki, Ukrayna çətin qış dövründə Azərbaycandan enerji sahəsində 11 yardım paketi alıb. Ukrayna lideri həmçinin cəbhəyanı bölgələrdən olan 500-dən çox ukraynalı uşağa göstərilən humanitar dəstəyə görə minnətdarlığını ifadə edib.
Bəyanatlarda sülh danışıqları məsələsinə də toxunulub. Zelenski bildirib ki, Ukrayna müharibənin başa çatması üçün diplomatik səyləri vacib sayır və Rusiya tərəfi diplomatiya yolunu seçəcəyi təqdirdə danışıqların Azərbaycanda aparılmasını istərdi. “Euronews”un məlumatına görə, Zelenski Kiyevin üçtərəfli danışıqlara hazır olduğunu və növbəti görüşlərin Azərbaycanda keçirilməsinin mümkünlüyünü qeyd edib.
Görüşün yekununda tərəflər Azərbaycan-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq, qarşılıqlı dəstək və təhlükəsizlik sahəsində əməkdaşlıq əsasında daha da dərinləşdirilməsi niyyətini təsdiqləyiblər.

















