Azərbaycan və Türkmənistan prezidentləri Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.
MSNews.az xəbər verir ki, bu barədə “President.az” məlumat yayıb. Bildirilib ki, iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov yaşayış kompleksi ilə tanış olublar.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.
Qeyd olunub ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksdə 23 bina inşa edilib.
Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır.
Məlumata görə, kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər xidməti mənzillərdə yaşayırlar. Ərazidə abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün şərait yaradılıb.












