“Yuxusuz” 100 milyonluq ağıllı agent ordusu qurulur

Süni intellekt artıq sadə assistent mərhələsini geridə qoyur, avtonom AI agentləri elm, hüquq, tibb və proqramlaşdırmada yeni dövr açır.

43

Süni intellekt sahəsində yeni mərhələ başlayır; “Sözcü”nün yaydığı məlumata görə, texnologiya artıq yalnız suallara cavab verən və komanda gözləyən klassik assistent modelindən çıxaraq, hədəf müəyyənləşdirən, plan quran və işi başdan sona qədər idarə edə bilən “avtonom agentlər” dövrünə keçir. Nəşr bu transformasiyanı “heç yatmayan 100 milyonluq super zəka ordusu” kimi təsvir edir. 

Məqalədə vurğulanır ki, yeni nəsil süni intellekt agentləri təkcə cavab vermir, eyni zamanda veb brauzerlərdən, məlumat bazalarından və proqram kodlarından müstəqil şəkildə istifadə edə bilir. Bu isə onları adi rəqəmsal köməkçidən daha çox, layihəni sıfırdan götürüb icra edən yüksək səviyyəli virtual icraçıya çevirir.

Xəbərə görə, bu dəyişimin ən böyük təsiri elm və peşə sahələrində hiss olunacaq. Əvvəllər aylarla, bəzən illərlə vaxt aparan ədəbiyyat araşdırmaları və məlumat analizi kimi proseslərin artıq saniyələr içində tamamlanacağı bildirilir. Misal kimi “DeepMind”-ın “AlphaFold” sistemi göstərilir və bu cür texnologiyaların xərçəng və neyrodegenerativ xəstəliklərlə bağlı tədqiqatları xeyli sürətləndirə biləcəyi qeyd olunur.

Materialda hüquq, tibb, maliyyə və proqramlaşdırma kimi sahələrin iş prinsipinin də yenidən formalaşdığı qeyd edilir. Məsələn, böyük həcmli məhkəmə sənədlərini süni intellektə təhlil etdirən hüquqşünasın artıq əsasən strategiyaya fokuslana biləcəyi vurğulanır. Eyni zamanda, “Anthropic” şirkətində daxili kodlaşdırma proseslərinin 90 faizinin artıq süni intellekt tərəfindən yerinə yetirildiyi iddia olunur.

Bununla yanaşı, məqalə iqtisadi risklərə də diqqət çəkir. Yazıda qeyd olunur ki, insan əməyinin tam yox olması deyil, daha çox formasının dəyişməsi gözlənilir. Rutin işlər maşınlara ötürülərkən, insanın rolu etik nəzarət, strateji qərarvermə və münasibətlərin idarə olunması istiqamətinə keçəcək. Ancaq əldə edilən nəhəng məhsuldarlıq artımından əsas qazancı kimin götürəcəyi hələ də əsas sual olaraq qalır.

Nəşr xəbərdarlıq edir ki, əgər təhsil, yenidən ixtisaslaşdırma və ədalətli bölüşdürmə siyasətləri vaxtında qurulmasa, süni intellekt agentləri dövrü qlobal bərabərsizliyi daha da dərinləşdirə bilər. Beləliklə, texnologiyanın sürətli inkişafı təkcə imkanlar deyil, həm də ciddi sosial və iqtisadi çağırışlar yaradır.