Yuxululuğun səbəbi mitoxondrilərlə bağlı ola bilər

Oksford alimləri müəyyən ediblər ki, yuxunu tənzimləyən neyronlarda mitoxondrilərin həddən artıq yüklənməsi beyinə yatmaq siqnalı göndərə bilər.

45

Oksford Universitetinin alimləri yuxuya ehtiyacın beynin sadəcə “yorulması” ilə deyil, hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin fəaliyyəti ilə bağlı ola biləcəyini müəyyən ediblər. Tədqiqatçılar bildirirlər ki, yuxunu tənzimləyən bəzi beyin hüceyrələrində mitoxondrilər həddən artıq yükləndikdə elektron sızması baş verir və bu proses beyni yuxuya keçməyə məcbur edən siqnal kimi işləyə bilər. Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub. 

Oksford Universitetinin açıqlamasına görə, mitoxondrilər hüceyrələrin əsas “enerji stansiyaları” hesab olunur. Lakin müəyyən yuxu tənzimləyici neyronlarda onların həddən artıq yüklənməsi elektron sızmasına səbəb olur. Bu zaman reaktiv oksigen növləri adlanan və hüceyrələr üçün zərərli ola bilən molekullar yaranır. Alimlərin fikrincə, bu proses beyinə “artıq yatmaq lazımdır” siqnalı göndərən mexanizmlərdən biri ola bilər.

Araşdırma insanlarda deyil, meyvə milçəkləri — Drosophila” üzərində aparılıb. Buna baxmayaraq, alimlər bu canlıların yuxunu tənzimləyən neyronlarının insan beynindəki oxşar mexanizmləri anlamaq üçün mühüm model olduğunu bildirirlər. Tədqiqat zamanı yaxşı yatmış və yuxusuz saxlanılmış milçəklərin beyin hüceyrələri müqayisə edilib. Nəticədə yuxusuzluqdan sonra yuxuya nəzarət edən neyronlarda mitoxondrial enerji istehsalı və stresslə bağlı dəyişikliklərin artdığı müşahidə olunub.

Tədqiqatçıların qənaətinə görə, yuxu bu metabolik yüklənmənin yaratdığı tarazsızlığı azaltmağa və beyin hüceyrələrini potensial zədələnmədən qorumağa kömək edə bilər. Oksford Universitetindən professor Gero Mizenbök bildirib ki, alimlər uzun müddətdir yuxuya ehtiyacın fiziki səbəbini tapmağa çalışırdılar və yeni nəticələr bu ehtiyacın aerob metabolizm, yəni hüceyrələrin enerji istehsalı prosesi ilə bağlı ola biləcəyini göstərir.

Alimlər vurğulayırlar ki, bu nəticələr yuxusuzluğun insan sağlamlığına təsirini daha yaxşı anlamaq üçün mühüm addım ola bilər. Bununla belə, tədqiqat hələlik meyvə milçəkləri üzərində aparıldığı üçün nəticələrin insanlarda eyni şəkildə işlədiyini demək üçün əlavə araşdırmalara ehtiyac var.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.