Gənclərin intellektual bacarıqlarının inkişaf etdirilməsi, gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində təşkilat il ərzində müxtəlif qurumlarla, o cümlədən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu ilə birgə müxtəlif layihələr icra edib.
Əsasən ölkənin şimal zonasında fəaliyyət göstərən təşkilatın sədri Ramin Mahmudov MSNews.az-a müsahibəsində bildirib ki, 2025-ci ildə icra olunan layihələr həm əhatə dairəsinə, həm də sosial təsirinə görə təşkilat üçün xüsusi əhəmiyyət daşıyıb. Onun sözlərinə görə, il ərzində reallaşdırılan təşəbbüslər gənclərin intellektual potensialının üzə çıxarılmasına və milli-mənəvi dəyərlər əsasında formalaşmasına xidmət edib.
“Bizim əsas məqsədimiz gənclərin biliklərini artırmaqla yanaşı, onların düşünmə bacarıqlarını inkişaf etdirmək və vətənpərvərlik ruhunu gücləndirməkdir. 2025-ci ildə bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət göstərdik,” – deyə Ramin Mahmudov qeyd edib.
Təşkilat sədrinin sözlərinə görə, 2025-ci ildə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin icra etdiyi ən böyük layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə olub. Layihə çərçivəsində Quba rayonunun 40 müxtəlif kənd ərazisində yaşayan ümumilikdə 352 nəfər yeniyetmə və gənc əhatə edilib.
Ramin Mahmudov bildirib ki, bu layihə gənclərin tarixi yaddaşının formalaşdırılması baxımından xüsusi önəm daşıyır:
“Şəhidlərimizin qəhrəmanlıq yolunun gənc nəslə çatdırılması bizim üçün prinsipial məsələdir. Bu layihə həm maarifləndirici, həm də tərbiyəvi baxımdan çox vacib idi.”
Təşkilat 2025-ci ildə eyni zamanda 4 müxtəlif layihənin tərəfdaşı kimi çıxış edib. Belə ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz regional nümayəndəliyi, Quba rayon Heydər Əliyev Mərkəzi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və “3sual.az” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Bilik arenası” adlı turnirin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil işçiləri Azad Həmkarlar İttifaqları Təşkilatı və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Tələbələrin I Azərbaycan Kuboku turnirinin, eləcə də? Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Qubada keçirilən “Məktəbli liqası” turnirinin tərəfdaşı olub.

2025-ci ildə Qubada ilk dəfə təşkil olunan Quba Kitab Sərgisinin də tərəfdaşlarından biri məhz? “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi olub. Azərbaycan Nəşriyyatları Assosiasiyası tərəfindən keçirilən və üç gün davam edən sərgidə təşkilat könüllüləri və üzvləri ilə fəal iştirak edib və bu fəaliyyətinə görə xüsusi plaketlə təltif olunub.
Bununla yanaşı, təşkilat “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyi ilə birgə ümumtəhsil müəssisəsində çalışan qadın pedaqoqların iştirakı ilə “Zərif intellekt” adlı Xəmsə turnirinin, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi ilə birgə 6–7-ci sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə mini turnirin, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş breyn rinq turnirinin təşkilatçısı olub.
Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində müəllimlər arasında II Xəmsə yay liqasının, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə idarə əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə mini turnirin, zona məktəbliləri arasında “Kod adı 44” turnirinin, eləcə də, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmizin 5 illiyinə həsr olunmuş “Zəfər Kuboku” turnirinin icrası da təşkilata həvalə edilib.
Eyni zamanda, Quba Tarix-Diyarşünaslıq Muzeyində Quba şəhər Hacıbaba Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi və muzeyin birgə təşkilatçılığı, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş Vətən müharibəsi mövzusunda “Nə? Harada? Nə zaman?” intellektual turniri keçirilib. Bundan başqa, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional Nümayəndəliyi və təşkilatın birgə təşkilatçılığı, Regional Təhsil İdarəsinin dəstəyi ilə məktəblilər arasında “Zəfər liqası” turniri təşkil olunub.

Təşkilatın tərkibində fəaliyyət göstərən müəllimlərdən ibarət komandalar 2025-ci ildə həm “Nə? Harada? Nə zaman?”, həm də “Xəmsə” milli intellektual oyunu üzrə respublika çempionatlarının qalibi olub, VI Azərbaycan Kubokunun zona seçim mərhələsində qalib gələrək final turnirində iştirak hüququ əldə ediblər.
Bununla yanaşı, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi təhsil müəssisələrində intellektual klubların fəaliyyətinə dəstək göstərir, davamlı turnirlərin təşkilinə köməklik edir. İl ərzində Quba rayonu Elman Məmmədov adına Səbətlər kənd tam orta ümumtəhsil məktəbində, Xaçmaz şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət-fənləri təmayüllü məktəb-liseydə keçirilən “Nə? Harada? Nə zaman?” və “Xəmsə” üzrə intellektual marafonlar bu baxımdan xüsusi qeyd olunur. Bu yarışlarda onlarla yeniyetmə və gənc həm biliklərini artırıb, həm də asudə vaxtlarını səmərəli keçiriblər.
Təşkilat ilin son tədbirini Xaçmaz rayonunda keçirib. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun dəstəyi ilə ümumtəhsil məktəblərində çalışan təhsilverənlər arasında keçirilən “Həmrəylik kuboku” breyn rinq turniri ilə 2025-ci ilə yekun vuran təşkilat 2026-cı ildə də qarşısına qoyduğu hədəflərə doğru fəaliyyətini davam etdirmək əzmindədir.