Bakıda “Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” mövzusunda forum təşkil olunub. Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə baş tutub və Azərbaycan Gəncləri Gününə həsr edilib.
Forumun əsas məqsədi rəqəmsallaşma və innovasiyanın şəxsi inkişafa təsirini müzakirə etmək, gənclərin müasir dövrün tələblərinə uyğun bacarıqlarının formalaşdırılmasına töhfə vermək, həmçinin bu sahədə dövlət və özəl sektor tərəfindən həyata keçirilən təşəbbüslər barədə gənclərin məlumatlılığını artırmaq olub.
Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklar ilə iş şöbəsinin müdiri Elvin Hacıyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış edərək forumun əhəmiyyətini vurğulayıblar. Çıxışlar zamanı innovasiya və rəqəmsal transformasiyanın insan kapitalının inkişafında oynadığı rol, gənclərin bu proseslərə adaptasiyası və mövcud imkanlar barədə ətraflı məlumat verilib.
Forum çərçivəsində “Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” mövzusunda panel müzakirəsi keçirilib. Paneldə Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Hamlet Məmmədov, LTC Labın həmtəsisçisi Əli Xəyyam və SABAH.fundun investoru Məsud Alısoy spiker qismində çıxış ediblər.
Panel müzakirəsi zamanı gənclərin şəxsi inkişafında innovativ və rəqəmsal layihələrin rolu, rəqəmsallaşma dövründə fərdi inkişaf üçün strateji yanaşmalar, innovasiya ekosisteminin formalaşmasının şəxsi inkişafa təsiri, eləcə də rəqəmsal bacarıqların və innovativ düşüncənin investisiya dəyəri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forumun sonunda keçirilən sual-cavab sessiyasında iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, gənclərin fikir və təklifləri dinlənilib. Tədbir gənclərin şəxsi inkişaf hədəflərini daha dəqiq müəyyənləşdirməsinə, həmçinin müxtəlif sahələrdən olan peşəkarlarla birbaşa ünsiyyət quraraq şəbəkələnməsinə imkan yaradıb.








