“LevelUp” Karyera Forumu Bakıda yekunlaşdı – 15 şəhərdə 7 minə yaxın gənc iştirak edib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən “LevelUp” Karyera Forumu Bakıda yekunlaşıb. Forum 15 şəhər və rayonda 7 minə yaxın gənci əhatə edib.

211

“LevelUp” Karyera Forumu Bakıda baş tutan yekun bağlanış tədbiri ilə başa çatıb.


Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə “#bacarıqlarınıartır” şüarı altında keçirilən Forum bu günədək ölkənin 15 şəhər və rayonunda 7 minə yaxın gənci əhatə edib.

Layihənin əsas məqsədi gəncləri əmək bazarında baş verən dəyişikliklər və yeni trendlərlə tanış etmək, onların karyera inkişafına dəstək olmaq, eyni zamanda müxtəlif sahələr üzrə peşəkarlarla ünsiyyət və şəbəkələşmə imkanları yaratmaqdır.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev çıxış ediblər. Çıxışlar zamanı dövlət tərəfindən gənclər üçün yaradılan karyera imkanları, məşğulluq sahəsində həyata keçirilən dəstək proqramları və peşəkar inkişafı təşviq edən layihələr barədə məlumat verilib.

Forum çərçivəsində “İş dünyasında dəyişən reallıqlar: Trendlər, tələblər və imkanlar” mövzusunda panel müzakirəsi təşkil olunub. Sevinc Qasımovanın moderatorluğu ilə keçirilən paneldə 1 saylı Bakı DOST Mərkəzinin direktoru Ruslan Mirzəliyev, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova, “SAT Group” şirkətinin direktoru və həmtəsisçisi Azad Qəhrəmanov, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədova spiker qismində çıxış ediblər.

Panel müzakirəsi zamanı əmək bazarının aktual ehtiyacları, gənclər üçün formalaşan yeni peşələr və gələcək karyera perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.

Forumun proqramı “HR-dan dinləyək: Ən çox axtarılan əməkdaş profili” mövzusunda TEDx formatlı çıxışla davam edib. Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov çıxışında işə qəbul prosesində HR mütəxəssislərinin əsas qiymətləndirmə meyarlarını və əmək bazarında müşahidə olunan son trendləri diqqətə çatdırıb.

Qeyd edək ki, Bakı və regionlarda keçirilən “LevelUp” Karyera Forumu gənclərin əmək bazarını daha yaxından tanımasına, karyera hədəflərini müəyyənləşdirməsinə və peşəkarlarla əlaqə quraraq şəbəkələşməsinə geniş imkan yaradıb.