Yevgeni Xmara Ukraynanın müdafiə naziri vəzifəsini icra edəcək

Ukrayna Nazirlər Kabineti Prezident Vladimir Zelenskinin razılığı ilə general-mayor Yevgeni Xmaranı müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs təyin edib.

45

Ukrayna Nazirlər Kabineti Prezident Vladimir Zelenskinin razılığı ilə general-mayor Yevgeni Xmaranı müdafiə nazirinin səlahiyyətlərini icra edən şəxs təyin edib.

MSNews.az xəbər verir ki, bu barədə iyulun 17-də Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Qurumun açıqlamasına görə, Xmara müdafiə sektorundakı islahatları davam etdirməli və Rusiyaya qarşı texnoloji vasitələrə əsaslanan zərbə əməliyyatlarının həyata keçirilməsini təmin etməlidir.

Vladimir Zelenski bir gün əvvəl verdiyi açıqlamada Xmaranın Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinə rəhbərlik etdiyini və xidmətin uzaqmənzilli əməliyyatlarına cavabdeh olduğunu bildirmişdi. Prezident onun Müdafiə Qüvvələrinin uzaqmənzilli əməliyyatlarını da əlaqələndirəcəyini açıqlayıb.

Zelenskinin sözlərinə görə, yeni rəhbər döyüş briqadalarının birbaşa maliyyələşdirilməsi, şəxsi heyətin ədalətli bölüşdürülməsi, müxtəlif tipli pilotsuz uçuş aparatlarının tədarükünün artırılması və tərəfdaşlarla əldə olunan razılaşmaların sürətlə icrası üzərində işləyəcək.

Xmara 2011-ci ildən “Alfa” bölməsində xidmət edib, 2023-cü ildə mərkəzin rəhbəri olub, daha sonra general-mayor rütbəsi alıb. O, 2026-cı ilin yanvarından Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edirdi. Bölmə Rusiyanın hərbi və enerji obyektlərinə qarşı uzaqmənzilli əməliyyatlarda mühüm rol oynayıb.

“Reuters” bildirir ki, Zelenski Xmaranın daimi müdafiə naziri kimi təsdiqlənməsi üçün onun namizədliyini Ali Radaya təqdim etməyi planlaşdırır. Ukrayna qanunvericiliyinə əsasən, müdafiə nazirinin daimi təyinatı parlament tərəfindən təsdiqlənməlidir. Ali Radanın növbəti iclasının avqustun 18-də keçirilməsi nəzərdə tutulduğundan səsvermənin də həmin tarixdən tez baş tutmayacağı ehtimal edilir.

Xmara bu vəzifədə hökumət dəyişikliyi zamanı postdan uzaqlaşdırılan Mixail Fedorovu əvəz edib. Beləliklə, hazırda o, nazir vəzifəsinə sadəcə namizəd deyil, müdafiə nazirinin səlahiyyətlərini rəsmən icra edir. Daimi təyinat isə parlamentin qərarından sonra mümkün olacaq.