Macarıstan Prezidenti Tamaş Şuyok ölkənin Əsas Qanununa onun prezidentlik səlahiyyətlərini vaxtından əvvəl dayandıran 17-ci düzəlişi imzalayıb.
MSNews.az xəbər verir ki, düzəliş Baş nazir Peter Madyarın rəhbərlik etdiyi “TİSZA” Partiyasının parlamentdəki üçdə iki səs çoxluğu ilə qəbul olunub. Qanunvericilik aktında Şuyoka qarşı cəmiyyətdə “ciddi etimad itkisi” yarandığı əsas gətirilir.
Bu barədə “Reuters” məlumat yayıb.
Düzəlişə əsasən, onun qüvvəyə minməsindən sonrakı gün hazırkı prezidentin mandatı başa çatır. Şuyokun səlahiyyətləri bazar ertəsi gecə yarısı rəsmən dayandırılacaq. Bundan sonra parlamentin sədri Aqneş Forsthoffer yeni prezident seçilənədək dövlət başçısının vəzifələrini müvəqqəti icra edəcək. Parlament yeni prezidenti 30 gün ərzində seçməlidir.
Şuyok düzəlişi imzalamağa hüquqi baxımdan məcbur olduğunu bildirib, lakin qərarı kəskin tənqid edib. O, vəzifəli şəxslərin bu üsulla uzaqlaşdırılmasını hüququn aliliyi, hakimiyyət bölgüsü və demokratik dəyərlər üçün təhlükəli presedent adlandırıb.
Peter Madyar daha əvvəl Şuyoku Viktor Orban hökuməti dövründə demokratik institutların zəiflədilməsinə qarşı mövqe bildirməməkdə və milli birliyi təmsil etməməkdə ittiham etmişdi. Şuyok isə 2024-cü ildə Orbanın “Fidesz” partiyasının parlamentdəki çoxluğu tərəfindən prezident seçilmişdi.
Düzəliş həmçinin parlament üzvləri üçün 12 illik fəaliyyət məhdudiyyəti müəyyənləşdirir və Konstitusiya Məhkəməsinin hakimləri üçün 70 yaş həddi tətbiq edir. Peter Madyar hökuməti dəyişiklikləri Orban dövründən qalan siyasi sistemin yenilənməsi kimi təqdim etsə də, “Fidesz” qərarı hakimiyyətin siyasi rəqiblərə qarşı təzyiqi adlandırır.