Kosovada növbədənkənar seçkilər: Baş nazir Albin Kurti qələbəsini elan etdi

Kosovada keçirilən növbədənkənar parlament seçkilərində səslərin 98 faizi sayılıb. İlkin nəticələrə görə, Albin Kurti rəhbərlik etdiyi Vetëvendosje Hərəkatı ilə 49,62 faiz səs toplayaraq qələbə qazanıb.

52

Kosovada keçirilən növbədənkənar ümumi parlament seçkilərində səslərin təxminən 98 faizinin sayılması tamamlanıb. İlkin nəticələrə əsasən, mövcud Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi “Vetëvendosje” (Özün Qərar Ver) Hərəkatı səslərin 49,62 faizini toplayaraq seçkilərdə qələbə qazanıb.

Partiyasının Priştinadakı qərargahında jurnalistlərə açıqlama verən Kurti bildirib ki, bu nəticə Kosovada indiyədək qeydə alınmış ən böyük seçki qələbəsi olma yolundadır. O vurğulayıb ki, rəsmi nəticələr açıqlandıqdan sonra yeni hökumətin qurulmasına başlanılacaq və islahat yönümlü fəaliyyət davam etdiriləcək.

Baş nazir beynəlxalq razılaşmaların parlamentdən keçməsi üçün müxalifət partiyalarının əməkdaşlığına ümid etdiyini də qeyd edib. Kurti daha sonra paytaxt Priştinanın mərkəzində tərəfdarları ilə birlikdə seçki qələbəsini qeyd edib.

Kosova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98 faizi sayılıb. Nəticələr belədir:

  • Vetëvendosje – 49,62%

  • Kosova Demokratik Partiyası (PDK) – 21,17%

  • Kosova Demokratik Birliyi (LDK) – 13,68%

  • Kosovanın Gələcəyi Uğrunda Alyans (AAK) – 5,71%

Kosova türklərinə zəmanətli 2 parlament mandatı uğrunda mübarizə aparan Kosova Demokratik Türk Partiyası (KDTP) isə 0,62 faiz və ya 5 332 səs toplayıb.

“Vetëvendosje”-nin yeni hökuməti qurması üçün əvvəlki dövrdə olduğu kimi KDTP də daxil olmaqla icma partiyaları ilə koalisiya razılaşması kifayət edəcək.

İlkin qiymətləndirmələrə görə, seçici fəallığı 44,99 faiz olub. Bu göstəriciyə şərti səslər, xarici nümayəndəliklərdə və poçt vasitəsilə verilən səslər daxil edilməyib.

Kosova polisi seçki prosesinin ciddi insidentlər olmadan, sakit və təhlükəsiz şəkildə başa çatdığını açıqlayıb.

Qeyd edək ki, 1 milyon 999 min 204 seçicisi olan Kosovada 24 siyasi qurum arasından seçilən 120 deputat dörd il müddətinə parlamentə daxil olacaq. Vetëvendosje son üç ümumi seçkidə də ölkədə ən çox səs toplayan siyasi qüvvə olub.