Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələri husilərin Qırmızı dəniz sahillərində sürətli irəliləyişindən sonra itirilmiş əraziləri geri qaytarmaq məqsədilə əks-hücumlara başlayıb.
MSNews.az xəbər verir ki, hökumət qüvvələri Moxa şəhəri ətrafında, Zubab istiqamətində və Moxa–Zubab avtomobil yolu boyunca husilərin mövqelərinə hava zərbələri endirdiklərini açıqlayıblar. Yəmən hökumətinin SABA agentliyinə istinad edən “Al Jazeera” bildirir ki, zərbələrin hədəfləri arasında döyüşçülər, hərbi avtomobillər və silah-sursat olub. Hökumət qüvvələrinin bu barədə açıqladığı itkilər müstəqil şəkildə təsdiqlənməyib.
Husilər bundan əvvəl strateji Moxa limanını, Zubab sahil rayonunu və Bab əl-Məndəb boğazının ortasında yerləşən Perim — Meyyun adasını ələ keçiriblər. “Reuters” yazır ki, bu irəliləyiş husilərin Qırmızı dənizin girişindəki mühüm dəniz marşrutuna təsir imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Bununla belə, kommersiya gəmilərinin boğazdan keçidi tam dayanmayıb.
Sentyabrın 14-də vəziyyət daha da dəyişib. “Associated Press” husilərin Böyük və Kiçik Haniş adalarını da ələ keçirdiyini bildirib. Bu, hökumət qüvvələrinin əks-hücuma başlamasına baxmayaraq, Qırmızı dəniz sahillərində döyüşlərin hələ də husilərin ərazi qazancları ilə müşayiət olunduğunu göstərir.
Gərginlik Səudiyyə Ərəbistanının enerji infrastrukturuna da təsir edib. “Reuters”-in məlumatına görə, Ər-Riyad Şərq-Qərb — “East-West” neft kəmərini PUA hücumundan sonra müvəqqəti bağlayıb. Səudiyyə Ərəbistanı və İraq dronların İraq ərazisindən buraxıldığını bildiriblər. Hücumun məsuliyyətini isə indiyədək heç bir qrup üzərinə götürməyib. (Reuters)
Kəmər Səudiyyənin şərqində hasil olunan nefti Qırmızı dəniz sahilindəki Yanbu limanına daşıyır və Hörmüz boğazında gəmiçiliyin kəskin azalmasından sonra ölkənin əsas alternativ ixrac marşrutuna çevrilib. Son aylarda burada gündə 4–5 milyon barel neft daşınırdı.
Son məlumatlara görə, kəmərin tam bərpası gözləniləndən daha uzun çəkə bilər. “Associated Press” regional rəsmilərə istinadən onun əsas hissələrinin 3–5 həftə ərzində sıradan qala biləcəyini yazıb. Bu isə qlobal neft bazarında təkliflə bağlı narahatlığı daha da artırıb.
ABŞ Prezidenti Donald Tramp hücumun arxasında İranın ola biləcəyini söyləyib. Lakin o, bu iddianı təsdiqləyən konkret sübut təqdim etməyib. “Reuters” də qeyd edir ki, hücumun kim tərəfindən təşkil edildiyi rəsmən müəyyənləşdirilməyib.
İranın husilərin son hücumundakı roluna dair isə daha ciddi iddialar var. “Reuters” İran və regional mənbələrinə istinadən husilərin Qırmızı dəniz sahillərindəki sürətli irəliləyişinin İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrinin birbaşa məsləhət və koordinasiyası ilə həyata keçirildiyini bildirib. Mənbələrə görə, Tehran husilərə əlavə maliyyə, silah və yüksək səviyyəli hərbi müşavirlər vəd edib. İran isə husi qüvvələrinə hərbi göstəriş verdiyini rədd edir və onları “proksi qüvvə” hesab etmədiyini bildirir.
Ər-Riyad ABŞ-dan daha birbaşa hərbi dəstək də istəyib. “Reuters”in üç mənbəyə istinadən məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salman Trampla əlaqə saxlayaraq husilərə qarşı ABŞ hərbi müdaxiləsini istəyib. Vaşinqton birbaşa zərbələrə razılıq verməyib, lakin kəşfiyyat məlumatlarının paylaşılması və hədəflərin müəyyənləşdirilməsi üzrə yardımı genişləndirməyə razılaşıb. ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper də sentyabrın 14-də Ciddədə vəliəhd şahzadə ilə regional vəziyyəti müzakirə edib.
Yəməndə döyüşlərin yenidən genişlənməsi humanitar vəziyyəti də ağırlaşdırıb. “Reuters” Beynəlxalq Miqrasiya Təşkilatına istinadən sentyabrın əvvəlindən etibarən 82 mindən çox insanın evlərini tərk etdiyini bildirib.