Britaniya E1 layihəsinə görə İsrail diplomatını XİN-ə çağırıb

Böyük Britaniya İsrailin işğal olunmuş İordan çayının Qərb sahilində E1 layihəsi üzrə 1 234 yaşayış vahidi üçün tender elan etməsinə etiraz olaraq İsrailin Londondakı müvəqqəti işlər vəkilini XİN-ə çağırıb.

32

Böyük Britaniya İsrailin işğal olunmuş İordan çayının Qərb sahilində mübahisəli E1 yaşayış məntəqəsi layihəsi üzrə tender elan etməsinə etiraz olaraq İsrailin Londondakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

MSNews.az xəbər verir ki, Britaniyanın xarici işlər naziri Ed Miliband İsrail hökumətinin addımını “qəbuledilməz və dağıdıcı” adlandırıb. London İsraildən E1 planlarını dərhal dayandırmağı, tenderi geri götürməyi və Qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsinə son qoymağı tələb edib.

Miliband məsələni İsrailin xarici işlər naziri Gideon Saarla da müzakirə etdiyini bildirib. Britaniya XİN-də İsrail diplomatına Netanyahu hökumətinin qərarına qarşı Londonun “dərin etirazı” çatdırılıb və qərarın dərhal ləğvi tələb olunub. Britaniya hökuməti qarşıdakı həftələrdə yaşayış məntəqələrinin genişləndirilməsində iştirak edən şəxslərə qarşı sanksiyalar da daxil olmaqla əlavə tədbirlər açıqlayacağını bildirib.

“Al Jazeera”-nın məlumatına görə, İsrail E1 ərazisində 1234 mənzilin tikintisi üçün tenderlər açıb. Bunlar 2025-ci ilin avqustunda təsdiqlənmiş təxminən 3400 yaşayış vahidini əhatə edən daha geniş layihənin bir hissəsidir. E1 Şərqi Qüds ilə Maale-Adumim yaşayış məntəqəsi arasında yerləşir. Layihənin həyata keçirilməsi Qərb sahilinin şimal və cənub hissələri arasındakı Fələstin ərazi əlaqəsini ciddi şəkildə zəiflədə, Şərqi Qüdsün digər Fələstin ərazilərindən təcridini dərinləşdirə bilər.

Britaniya ilə yanaşı Fransa, Almaniya, İtaliya, Niderland, Kanada, Norveç və bir sıra digər ölkələr də E1 tenderlərinə qarşı birgə bəyanat yayıblar. Avqustun 21-dək bəyanata Avropa Komissiyası, Avstraliya, Yeni Zelandiya, İsveç, Belçika, İspaniya, Avstriya və Yunanıstan da qoşulub. Tərəflər E1-in iki dövlətli həll perspektivinə ciddi zərbə vuracağını bildirərək İsraili planları dərhal geri çəkməyə çağırıblar.

BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə əsasən, 1967-ci ildən bəri işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə İsrail yaşayış məntəqələrinin yaradılmasının hüquqi qüvvəsi yoxdur və bu fəaliyyət beynəlxalq hüququn pozuntusu hesab edilir.

İsrailin xarici işlər naziri Gideon Saar isə Britaniyanın mövqeyini rədd edib. O bildirib ki, E1 üzrə yeni siyasi qərar qəbul edilməyib, əsas qərar 2025-ci ildə verilib və son addım həmin proses çərçivəsində tender sənədlərinin dərc edilməsidir. Saar Londonun açıqlamasının tonunu da tənqid edib.