Gürcüstan Pravoslav Kilsəsində yeni Katolikos-Patriarxın seçilməsi prosesi həlledici mərhələyə daxil olub. Aprelin 28-də saat 12:00-da Gürcüstan Patriarxlığında Müqəddəs Sinodun iclası keçirilir. İclasda gizli səsvermə yolu ilə bütün Gürcüstanın Katolikos-Patriarxı postuna üç namizəd müəyyənləşdirilməlidir.
MSNews.az xəbəri “Sputnik Gürcüstan”-a istinadən verir.
Yeni patriarx Gürcüstan Pravoslav Kilsəsinin 142-ci rəhbəri olacaq. Namizədlər Sinod üzvləri arasından seçiləcək və daha sonra genişləndirilmiş kilsə toplantısına təqdim olunacaq. Həmin geniş iclasın tarixi mayın 17-dən gec olmayaraq elan edilməli və keçirilməlidir.
Seçki proseduruna əsasən, Katolikos-Patriarx vəzifəsinə seçilmək üçün namizəd səsvermədə səslərin yarıdan çoxunu toplamalıdır. Əgər ilk turda heç bir namizəd lazımi çoxluğu əldə etməsə, ən çox səs toplamış iki namizəd arasında ikinci tur keçiriləcək.
Gürcüstan Pravoslav Kilsəsində yeni rəhbər seçimi uzun müddət kilsəyə başçılıq etmiş II İliyanın vəfatından sonra gündəmə gəlib. II İliya martın 17-də 93 yaşında vəfat edib və təxminən yarım əsr ərzində Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edib.
Müvəqqəti olaraq patriarx taxtının yerini mitropolit Şio Mujiri tutur. Gürcüstan mediası onu əsas namizədlərdən biri kimi göstərsə də, rəsmi namizədlər siyahısı yalnız Sinodun gizli səsverməsindən sonra elan olunmalıdır.